İqtisadçı ekspert Natiq Cəfərli mətbuata açıqlamasında qeyd edib ki, Prezident Xankəndi və ətrafda yaşayan erməni əsilli azərbaycanlıların özəl hüquqlarının, idarəetmə formasının olmayacağını, onların bütün ölkə vətəndaşları kimi eyni hüquqlardan istifadə edəcəyini deyib: "Doğru fikirdir. Xankəndi özünə mer seçirdi, 2004-dən bu günə qədər şəhərdə 4 mer seçki ilə dəyişib, son 2 ildə dəfələrlə qeyd etmişik ki, erməni əsilli azərbaycanlılara heç bir status verilməsin, amma ölkə üzrə yerli özünüidarə institutları gücləndirilsin. Mer institutu təsis edilsin. Bakı, Gəncə, Lənkəran, Şəki və s. şəhərlər özünə mer seçə bilsin. O cümlədən Xankəndi də özünə mer seçə bilsin, bu da ölkədə idarəetmənin effektivliyini artıran amilə çevrilməlidir”.
Belədə bir sual yaranır, Xankəndi və ətraf ərazilər tam olaraq Azərbaycanın yuridiksiyasına keçəndən sonra Xan kəndidə mer institutu ləğv olunacaq, yoxsa, belə bir özünü idarəetmə forması bütün ölkəyə şamil ediləcək?
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Milli Məclisin deputatı Elman Nəsirov bildirir ki, ölkə ərazisində idarəçilik və inzibati ərazi bölgüsü baxımından hansı addımlar atılarsa, adekvat olaraq eyni addımların Qarabağ və Şərqi Zəngəzurda atılması da labüddür:

"Ermənistanın siyasi rəhbərliyi Qarabağda yaratdığı qondarma rejimdə qeyri-qanuni olaraq meriya institutunu tətbiq edib. Onlar hətta bu istiqamətdə bir neçə dəfə qeyri-qanuni olaraq seçkilər də keçiriblər. Xankəndi hələlik tam olaraq Azərbaycanın yuridiksiyasına keçməyib. Azərbaycan bayrağı hələ ki, burada dalğalanmır. Amma bu zaman məsələsidir. Prezident İlham Əliyev İsmayıllıya səfəri zamanı qeyd etdi ki, həlli gözləyən bir sıra məsələlər var və onların hər birinə zamanı çatdıqca nail olacağıq. Zamanı çatanda Xankəndidə də bayrağımız dalğalanacaq, zamanı çatanda Qarabağda əhalinin siyahıya alınması da keçiriləcək.
Azərbaycan islahat yolunu seçib. Ölkədə hərtərəfli, dərinləşmiş islahatlar kursu həyata keçirilir. İstisna deyil ki, gələcəkdə ölkəmizdə mer seçkiləri keçirilsin. Eyni zamanda, bu tənzimlənmə prosesi Azərbaycann tərkib hissəsi olan Qarabağ və Şərqi Zəngəzur ərazisində də reallaşdırıla bilər. Azərbaycann digər ərazilərində hansı islahatlar kursu həyata keçirilsə və onun məntiqi nəticəsi olaraq mer institutu yaradılarsa, anoloji vəziyyət Qarabağda da ola bilər. Bunun başqa variantı yoxdur. Heç bir halda Qarabağda yaşayan əhali üçün status, xüsusi imtiyaz və müstəqillik kimi məsələlərdən söhbət gedə bilməz”.