Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, kustar üsulla hazırlanmış elektrik avadanlığı ilə qanunsuz olaraq balıq ovu ilə məşğul olan Tovuz rayon sakini Əziz Hüseynov saxlanılıb.
Onun ovladığı 33 ədəd şəmayı və üç ədəd daban balığı (karas), qayıq və digər elektrik avadanlıqları maddi sübut kimi götürülüb. Araşdırmalar zamanı saxlanılan şəxsin təbiətə 1 122 manat miqdarında zərər vurması müəyyən edilib. Ə.Hüseynov barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Vaxtaşırı olaraq Mingəçevir və Şəmkir Su Anbarlarında keçirilən bu kimi nəzarət-profilaktiki tədbirlərlə balıq ovu və ovçuluq ilə məşğul olan şəxslərin onlara verilmiş kvotalara riayət etmələri, qayıqla balıq tutanların sənədlərinin mövcudluğu yoxlanılır, partlayıcı və digər qanunla qadağan edilmiş vasitələrdən istifadə edərək balıq ovlayanların müəyyən edilməsi, eləcə də başqa ekoloji cinayət törədənlərin aşkarlanması həyata keçirilir.
