Noyabrın 2-dən etibarən Azərbaycanda yenidən distant təhsilə start verilir. Məlum olduğu kimi, müharibə şəraiti ilə əlaqədar hazırda ölkədə internet əlçatan deyil. Xüsusilə, sərhədyanı bölgələrdə bu problem daha qabarıq nəzərə çarpır. Təhsil Nazirliyinin bu gün keçirilən brifinqində nazir Emin Əmrullayev də vurğulayıb ki, bölgələrdə internet şəbəkəsi qısa müddətdə həll olunacaq məsələ deyil. Həmçinin texniki vasitələrin çatışmazlığı da distant təhsilin effektsiz olmasına təkan verən səbəblər sırasındadır.
Maraqlıdır, mövcud vəziyyətlə əlaqədar şagirdlər üçün hansısa güzəştlər tətbiq oluna bilər?
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov açıqlamasında bildirib ki, narahatlıq başadüşülən olsa da, yaşadığımız dövrü nəzərə almaq lazımdır:
“Bu dövrdə Azərbayan xalqı torpaqlarının azadlığı uğrunda mübarizə aparır, həmçinin ərazimizdə pandemiya hökm sürür. Azərbaycan əhalisinin təqribən 1 milyonu qaçqındır. Yəni onların yaşam şəraiti təhsil üçün rahat deyil. Bütün bu çətin şəraitdə müxtəlif qərarlar qəbul olunur. Nazirlər Kabineti yanında Operativ Qərargah zaman-zaman hadisələri izləyir və qərar verir. Mən bir dəfə bu haqda yazmışdım, indi həmin fikirləri təkrar edirəm ki, təhsil dəyərdir, sağlamlıq ali dəyərdir, vətəni müdafiə etmək isə müqəddəs dəyərdir. Bu dəyərlərin iyerarxiyasını yaratsaq, hər bir millət üçün vacib olan birinci növbədə vətəni, ikinci sağlamlığı, üçüncü isə təhsili qorumaqdır. Bu, fəlsəfi yanaşmadır və hər kəs tərəfindən də başadüşüləndir. İndi deyə bilərsiz ki, Müdafiə Nazirliyi öz işini görür və müharibəni də aparır. Bildirim ki, Təhsil Nazirliyi də öz işini görür, nazirlə şəxsən internet vasitəsilə söhbətlərim olub, söhbətimizin də məğzi belə olub ki, gərək, biz internet problemini düzəldək”.
Mütəxəssis qeyd edib ki, hazırda da internet problemini həll etmək vacib məsələdir:
“Lakin internet problemi həll edildikdə isə ortaya başqa məsələlər çıxır. Bir tərəfdən internet bizim təhsil almağımızda çox mühüm rol oynayır, digər tərəfdən internetin geniş yayılması müharibə şəraitində zərərli informasiyanın yayılmasına gətirib çıxarır. Belə bir vəziyyətdə yaşayırıq. Amma mən güman edirəm ki, biz pandemiya şəraitində təhsil verməyi, işləməyi bacaracağıq. Müharibə tamamilə qeyri-standart vəziyyət yaradıb. Bu, bizim arzumuz deyildi, ermənilər müharibə istəyirdilər. Ona görə də biz hazırda çətinliklərə dözməliyik. Lakin əlbəttə ki, şagirdlərlə bağlı bəzi güzəştlər tətbiq oluna bilər və olunacaq da. Biz bu güzəştləri Təhsil Nazirliyindən tələb edəcəyik. Bütün bu vəziyyət nəzərə alınmalı və qərarlar müdrik olmalıdır. Şagirdlərin və valideynlərin vəziyyəti, valideynlərin informasiya texnologiyalarına çıxışı, texniki avadanlıqların əldə olunması kimi məsələlərə diqqət edilməlidir. Bunlar böyük problemlərdir və qəfil bizi yaxalayıb. Amma mən güman edirəm ki, biz hərbdə qələbəmizi qazanacağıq, daha sonra koronavirusla mübarizəmizi davam etdirəcəyik və məktəb işini uğurla başa vuracağıq”.скачать dle 12.1