"Münaqişənin tamamilə Azərbaycanın maraqlarına uyğun həll olunması Ermənistanda dərin siyasi çatlar yaradıb. Demək olar ki, dövlət institutları faktiki olaraq fəaliyyət göstərmir. Paşinyan öz nüfuzunu tamamilə itirib və Ermənistan vətəndaş müharibəsi ərəfəsindədir".
Bu barədə Milli Məclisin deputatı Şahin İsmayılov bildirib.
O deyib ki, İkinci Qarabağ müharibəsində fərarilik edən çoxsaylı erməni əsgər və könüllülər döyüş meydanından kifayət qədər silah-sursatla qaçıblar. Deputatın fikrincə, bu, Ermənistan üçün olduqca təhlükəli vəziyyət yaradıb:
"Hakimiyyətdə olduqları müddətdə Qarabağ kartından daim istifadə edən Ermənistanın keçmiş prezidentləri Köçəryan və Sarkisyan da hazırda bu ölkədə aktiv siyasi proseslərə qoşulmaq niyyətindədirlər. Onlar bu dəfə də Qarabağ kartından istifadə etməyə çalışırlar. Forma dəyişsə də məzmun dəyişməyib. Onlar artıq dərk etməlidirlər ki, Azərbaycan qalib ölkədir, Qarabağ problemi deyilən bir anlayış yoxdur, Ermənistanın inkişafı birbaşa olaraq qonşuları ilə münasibətlərin normallaşmasından asılıdır, yeni növ münaqişə yaratmaq cəhdi, sadəcə olaraq, Ermənistanın bir dövlət kimi məhv olmasına gətirib çıxara bilər. Əlləri minlərlə günahsız azərbaycanlının qanına batmış bu şəxslər həm də öz xalqını aldadırlar. Bu canilər öz xalqına qarşı da kifayət qədər ağır cinayətlər törədiblər".
Millət vəkili vurğulayıb ki, Paşinyanı hansısa məsələlərdə ittiham edən Köçəryan və Sarkisyan həm də öz əməllərinə, hakimiyyətdə olduqları vaxt törətdikləri cinayətlərə də aydınlıq gətirməlidirlər:
"Əslində Ermənistanın bugünkü ağır vəziyyətə gəlməsində ən böyük günahkarlar sırasında bu iki şəxsin adı ilk sıralardadır. Onlar özləri də bunu çox yaxşı bilirlər. Sadəcə olaraq, hakimiyyət hərisliyi yeni qurbanlar verilmək bahasına olsa da, onlar üçün hər şeydən önəmlidir. Amma erməni xalqını fikirləşən hər hansı bir erməni siyasətçi yaxşı başa düşməlidir ki, onların qurtuluşu Azərbaycandan asılıdır. Bu reallığı nə qədər tez dərk eləsələr, onlar üçün bir o qədər yaxşı olacaq".скачать dle 12.1