"BioNTech"-"Pfizer" peyvəndinin yaradıcısı Uğur Şahin peyvəndin İngiltərədə aşkarlanan koronavirusun mutasiyaya uğramış variantına qarşı da effektiv olacağına əmin olduğunu deyib.
 "BioNTech"in icraçı direktoru, professor Uğur Şahin peyvəndin mutasiyaya uğramış virusa necə təsir etdiyini qiymətləndirmək üçün əlavə araşdırmalar aparıldığını bildirib.
U. Şahin peyvəndin mutasiyaya uğramış virusa qarşı uyğunlaşdırılması lazım olarsa şirkətin bunu təxminən altı həftə ərzində edə biləcəyini qeyd edib. O, peyvəndləməyə başlamazdan əvvəl yeni dəyişikliklərin qiymətləndirmə agentlikləri tərəfindən təsdiqlənməli olduğunu vurğulayıb: "Hazırda peyvəndimizin bu yeni varianta qarşı qoruma təmin edə biləcəyini bilmirik, lakin yeni virusun xaricində olan və onu əhatə edən zülalların mövcud virusdakı zülallarla 99 faiz eynilik təşkil etdiyi üçün "BioNTech" peyvəndinin effektiv olacağına dair elmi güvəni var. Elmi olaraq bu peyvəndlə immunitet reaksiyasının yeni virus variantlarına qarşı da cavab verəcəyi ehtimalı çoxdur. İndi biz bunu təcrübə yolu ilə yoxlamalıyıq. Bunun üçün təxminən iki həftə vaxt lazım olacaq. Ancaq bunun hərəkət mexanizminə əhəmiyyətli dərəcədə təsir etməyəcəyinə əminik". 
U. Şahin bildirib ki, peyvəndin pandemiya boyunca təsbit edilmiş digər koronavirus mutasiyalarına qarşı təsirli olduğu sübut olunub: "Biz artıq virusun 20-yə yaxın digər mutasiyaya uğramış variantlarına qarşı peyvəndi test etmişik. Peyvəndimiz tərəfindən yaradılan immunitet reaksiyası hər zaman virusun bütün formalarını təsirsiz hala gətirib".скачать dle 12.1