Çinin şimal-qərbindəki Çinhay vilayətində yanvarın 8-də baş vermiş zəlzələ yer səthində 22 kilometr uzunluğunda çat əmələ gətirib.
Vilayətin Seysmologiya Bürosunun məlumatına istinadən xəbər verir ki, çat Menyüən Huy muxtar rayonunda yaranıb.
Zəlzələ nəticəsində Çinhay vilayətində 217 evə, yerli əhəmiyyətli avtomobil yollarına, körpülərə, kommunikasiya xətlərinə ziyan dəyib. İnsan ölümü qeydə alınmasa da, 9 nəfər yüngül xəsarət alıb.
Təbii fəlakət qonşu Qansu vilayətində də dağıntılara səbəb olub. Vilayətin Canye şəhərində 1174 evə ziyan dəyib, 6 ailə isə təxliyə olunmaq məcburiyyətində qalıb, 25 məktəb binasının divarlarında çatlar əmələ gəlib.
Yeraltı təkanlar Böyük Çin Səddinin Qansu vilayətindən keçən hissəsinə də kiçik zərər vurub. Belə ki, zəlzələ episentrindən 114 kilometr məsafədə yerləşən Şandan rayonunda Min sülaləsinin hakimiyyət illərində (1368-1644-cü illər) tikilmiş Böyük Çin Səddində 2 metrlik hissəsində çat əmələ gəlib, bəzi hissələr qopub yerə düşüb. Yerli hökumət 130 nəfərlik heyət tərtib edərək, ona tarixi abidəyə dəymiş ziyanı qiymətləndirməyi və nəticələrinin aradan qaldırılmasını tapşırıb.
Qeyd edək ki, yanvarın 8-də yerli vaxtla gecə saat 01:45-də Çinhay vilayətinin Menyüən rayonu ərazisində 6,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ ocağı vilayətin paytaxtı olan Sinin şəhərindən 136 kilometr məsafədə, Yer səthindən 10 kilometr dərinlikdə olub. Zəlzələdən sonra 4,1, 3 və 5,1 bal gücündə afterşoklar qeydə alınıb. Yeraltı təkanlar qonşu Qansu və Şansi vilayətlərində, Ninsia Huy muxtar bölgəsində də hiss olunub.скачать dle 12.1