Türk əsgərinin Azərbaycana gəlişi ilə bağlı təşəbbüslər reallaşmaq üzrədir. Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı sənədi ötən gün parlamentə təqdim edib. Bunun üçün müvafiq hüquq bazanın olduğu da məlumdur.
Maraqlıdır, Türkiyə əsgərlərinin Azərbaycana gəlməsi bölgədə nəyi dəyişəcək?
Politoloq Araz Aslanlı açıqlamasında bildirib ki, Türk əsgərinin Azərbaycana gəlməsi Qarabağla bağlı davam edən münaqişənin həlli baxımından mühüm əhəmiyyət daşıyır:
“Düzdü, münaqişənin hərbi mərhələsi bitib, amma ortada bir sülh planı da yoxdur. Zatən detallı sülh planının imzalanmasıyla da hər şey bitirmir. Çünki onun tam icra olunması məsələsi var. Bu prosesdə türk əsgərinin Azərbaycandakı varlığı çox kritik əhəmiyyətə malikdir. Ermənistanın 2020-ci ilin iyulundakı təxribatından sonra Türkiyənin məsələyə açıq münasibət bildirməsi də böyük əhəmiyyət kəsb etmişdi. Ümumiyyətlə, münaqişə boyunca Türkiyənin Azərbaycanın istədiyi hər cür dəstəyi göstərməyə hazır olduğunu bildirməsi təqdirəlayiqdir. Xüsusilə də atəşkəsdən sonrakı dövrdə Azərbaycan iqtisadi, siyasi və hərbi  cəhətdən öz ədalətli mövqeyini müdafiə etmək üçün həm beynəlxalq aləmdə, həm də Qafqazda güclənərkən qardaş ölkənin yanımızda olduğunu göstəməsinin önəmli rolu var".
Ekspert diqqətə çatdırıb ki,  Azərbaycan prezidenti tərəfindən də bunun münaqişəyə müdaxilə etmək istəyən kənar qüvvələri çəkindirən amil rolunu oynadığı vurğulanıb:
“Artıq münaqişənin hərbi fazasının dayandırılmasından sonra yaranan yeni mərhələdə də beynəlxalq hüquqa uyğun eyni balanslaşdırıcı rolun olması vacibdir. Çünki Türkiyə regionun gələcəyinə iqtisadi, siyasi və təhlükəsizlik baxımından töhfə verə biləcək bir dövlətdir. Bildirim ki, Türkiyə əvvəllər də bu cür təşəbbüslə çıxış edib. Hələ 1991-ci ildə region ölkələri müstəqilliyinə yeni qovuşanda Türkiyə buraya heyətlər göndərmişdi, istəyirdi ki, Cənubi Qafqazda sülh və əməkdaşlıq imkanları daha da artsın. Amma təəssüf ki, Ermənistanın o işğalçılıq, regiondan kənar  regionu qarışdırmaqla bağlı siyasəti buna imkan vermədi. Türkiyə 2008-ci ilin avqustundan sonra da regionda sülh və sabitliklə bağlı bir pakt təklifi irəli sürdü”.
Həmsöhbətimiz hesab edir ki, bundan sonrakı mərhələdə Türkiyənin gəlməsi sadəcə münaqişənin həlli baxımından yox, ümumiyyətlə, Cənubi Qafqazda sülh və əməkdaşlıq potensialının artması üçün faydalı olacaq:
“Regionun gələcək münaqişələrdən mümkün qədər sığortalanmasında əhəmiyyətli rolu olacaq. Əgər Rusiya və Türkiyə  birlikdə, doğrudan da, burada  regionun gələcəyinə müsbət töhfələr vermək istəsələr, region üçün hər şey yaxşı olacaq. Hətta Rusiya bunu istəməsə belə, Türkiyənin balanslaşdırıcı mövqeyi regionda yeni münaqişələrin alovlanma ehtimalını xeyli azaldacaq”.

скачать dle 12.1