Fransa prezidenti Emmanuel Makronla 16 ildir evli olan, lakin münasibətləri haqqında çox məlumat verməkdən çəkinən 70 yaşlı birinci xanım Bricit Makron "Paris Match" jurnalına hər kəsin maraq göstərdiyi sevgi hekayəsindən danışıb. 
Emmanuel Makron Fransanın şimalındakı Amyen şəhərindəki katolik məktəbi olan "La Providence"də teatr müəlliminə aşiq olanda cəmi 15 yaşında idi. Həmin vaxt evli olan Bricit Ouzyer Makrondan 25 yaş böyük idi. Qızı Lorens isə Makronun sinif yoldaşı olub. Onlar arasında böyüyən sevgi ştatda qalmaqala səbəb olanda Makronun ailəsi Bricitə “övladımızdan uzaq dur” xəbərdarlığı edib və Makronu Parisdəki internat məktəbinə göndərib. Lakin bunun heç bir faydası olmayıb. Makron və Bricit illərlə görüşməyə davam ediblər. 
Musavat.com xəbər verir ki, "Paris Match" jurnalına verdiyi müsahibədə həmin illərdən danışan birinci xanım Makronun başqasına aşiq olacağını düşündüyünü bildirib. "Parisə gedəndə öz yaşıdı olan birinə aşiq olacağını deyirdim, amma bu baş vermədi" - o deyib.
Bricit övladlarının həyatını məhv etməmək üçün Makronla evlənməsini 10 il təxirə saldığını qeyd edib:
"Hər şeyi yoluna qoymağım 10 il çəkdi. Onların hiss etdiklərini təsəvvür edə bilərsiniz. Amma mən həyatı yaşamağı qaçırmaq istəmədim".
2007-ci ildə dövlət qulluqçusu olan Makronla evlənən Bricit ərinin hələ də güclü yaddaşı və zəkası ilə onu heyrətləndirməyi bacardığını deyib: “Çoxlu parlaq tələbələrim var idi, amma heç biri onda olan istedada sahib deyildi. Mən həmişə ona heyran olmuşam”.
Xatırladaq ki, keçən il televiziya verilişində Fransa prezidenti Makron özündən 25 yaş böyük həyat yoldaşı Bricitlə bağlı tənqidlərə belə cavab vermişdi:
"Söhbət yaxşı nümunə olub-olmamaqdan getmir. Aşiq olanda seçim sənin deyil. Sevginin əsas prinsipi odur ki, o, hər şeyi mümkün edir". скачать dle 12.1