Bu gün səhər saatlarında Siyəzən rayonunun Məşrif, Dağquşçu və Qozağacı kənd məktəblərində işləyən 7 müəllim qəzaya düşüb.
Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd edilib ki, onlardan 2 nəfəri hadisə yerində dünyasını dəyişib. Digər 5 müəllim isə Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib:
"Qəza nəticəsində dünyasını dəyişən Siyəzən rayonu Məşrif kənd tam orta məktəbinin müəllimləri – Aygün İsmayılova və Aygün Vəliyevanın vəfatından kədərləndiyimizi bildirir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət etsin! Yaralı müəllimlərimizə isə şəfa diləyirik!" - məlumatda qeyd olunub.
***
09:55
Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsində yaralananlardan daha biri vəfat edib.
Hadisə nəticəsində 3 nəfər ölüb. 7 nəfər isə yaralıdır.
***
09:47
Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 8 nəfər TƏBİB-in tabeliyindəki Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. 
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hadisə nəticəsində aqonal vəziyyətdə tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə nəticəsində müxtəlif növ bədən xəsarətləri alan 2 nəfərin (vəziyyətləri ağır qiymətləndirilir) müalicəsi Reanimasiya şöbəsində, 5 nəfərin (vəziyyətləri orta ağır qiymətləndirilir) müalicəsi isə Təcili tibbi yardım bölməsində davam etdirilir.
***
09:18
Bu gün saat 08:15 radələrində Bakı-Quba yolunun 99-cu km-də Siyəzən rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
"Mercedes Vito" markalı 77-CY-723 dövlət nömrə nişanlı mikroavtobus Quba istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqamətdə hərəkətdə olan "Opel" markalı 50-DL-063 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Hadisə nəticəsində mikroavtobusda olan sərnişinlərdən 2 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1