**
Musiqiyə həvəsi ailəsindən başlanıb. Sovet dövründə ailə ansambllarından birini də Cəlilovlar ailəsi təşkil edib. Səkkiz nəfərlik ailə ansamblı müxtəlif qastrollara gedir, konsert proqramları ilə çıxış edirdilər. Daha sonra Elçin Bülbül adına musiqi məktəbinə daxil olur, Şövkət Ələkbərovadan dərs alır.
***
Yaşının erkən çağında anasının istəyi ilə xalası qızı Mənfurə xanımla ailə qurur. Bu evlilikdən onun bir qızı, bir oğlu doğulur. Oğlu kiçik yaşlarında dünyasını dəyişir. Elçinin evliliyinin ömrü uzun çəkmir, bir müddət sonra onlar ayrılırlar. Elçin əvvəlcə Tahirə adlı xanımla ailə qurur, lakin, bu nikah da uğursuz olduğundan onun üçüncü evliliyi müğənni Lalə Dadaşova ilə baş tutur.

***
Sonralar Arif Babayev müsahibələrinin birində belə deyir: “Mən ona həmişə sənətkar deyirdim. Doğurdan da əsl xarakterli, sənətkar adam idi. Hər adama elə səs qismət olmur. Sonralar toylara getdi, yaxşı pul qazandı. Hər dəfə deyirdim ki, Elçin, bu pulların qədrini bil ha, bunlar adama bir dəfə verilir. Mənə qarşı həmişə çox hörmətli davranırdı. Başına gələnləri eşidəndə, onu çağırdım yanıma. Dedim, Elçin, sən xanəndəsən, mədəniyyət işçisisən, belə olmaz.”

***
Xanəndəliyə başladığı ilkin dövrlərdə Elçin nə siqaret çəkir, nə içki içir. Çox utancaq və əxlaqlı insan kimi hörmət qazanır. Qardaşı Yusifin narkotik asılılığından əziyyət çəkməsi ona pis təsir edir, toylardan qazandığı pulları qardaşının müalicəsi üçün xərcləyir. Lakin sonrakı illər təəssüf ki, Elçinin də pis vərdişlərə aludəçiliyi onun sənətinə təsir edir. Qısa zaman ərzində Elçin narkotik vasitələrinin istifadəçisinə çevrilir, gün-gündən arıqlayır, səsini itirir.

***
Mahnı Teatrındakı konsert məşqlərinə geciksə də müəllimi Kamil Vəzirov deyir ki, sonradan gəlib ondan xahiş edir, hətta ağlayıb, yalvarır ki, ona səhnəyə çıxa bilməsi, oxuması, səs imkanlarını geri qaytara bilməsi üçün kömək etsinlər.

***
Bir dəfə isə Mingəçevirdə toyda olanda içkili olur, toyda dava düşür, Elçin əli ilə vurub restoranın şüşələrini sındırır. Elçini polisə aparırlar. Xəbər Arif Babayevə çatanda Arif müəllim polis idarəsinə zəng vurub deyir ki, o, mənim sevimli tələbəmdir, onu buraxın.

***
Ağ ölüm qısa zaman ərzində Elçinin ailəsini dağıdır. Lalə Dadaşova Elçinin yenidən narkotikdən istifadə etdiyini görəndə onu tərk edib gedir. Ancaq bir müddət sonra o, Laləyə zəng vurub deyir ki, məni bağışla, mənə kömək et. Bu dəfə də mən bacarmasam, anamın qəbri üstünə gedib, özümü öldürəcəm. Və onlar barışırlar.

***
2005-ci il mayın 10-da səhər vaxtı Elçin Cəlilov mənzilində ölü tapılır. 37 yaşında vəfat edən müğənninin ölümünə səbəb kimi narkotikdən istifadə etməsi göstərilir. Xanəndə Mehdiabad qəbiristanlığında dəfn olunur. Deyilənə görə, ona narkotik vasitəsi gətirənlərdən biri də qardaşı Yusif olub. Elçinin ölümündən az müddət sonra isə Yusif də dünyasını dəyişir.
***
Elçin Cəlilov 27 yaşında ürək tutmasından dünyasını dəyişən gənc yazar Kamran Sunun ögey əmisi olub. Bu barədə Kamranın “Kaktus” adlı romanının bir hissəsində qeyd olunur