Azərbaycan insanı Səhiyyə Nazirliyinin, TƏBİB-in və İcbari Tibbi Sığortanın arasında vurnuxur…


Bir anlıq təsəvvürünüzə gətirin ki, hansısa ölkədə müharibə gedir və  Müdafiə naziri, Baş Qərargah rəisi yoxdur...
Yəqin nə demək istədiyimiz aydın oldu...
İki ildir bütün dünya  amansız  və tarixdə analoqu olmayan  koronavirus pandemiyası ilə savaşır, yüz milyonlarla insan bu virusa yoluxur, yüz minlərlə insan ölür və s...
Bütün bunların qarşısında Azərbaycanda Səhiyyə nazirini görən yoxdur və bir müddət sonra Səhiyyə naziri azad edilir və kreslo boş qalır...
Ümumiyyətlə, ölkə səhiyyəsindəki problemlərə bir az uzaqdan başlayaq. 
Ölkə  yenicə müstəqillik əldə edəndə, daha dəqiq desək, 1993-cü ildə Əli İnsanov adlı bir məxluq Səhiyyə naziri olur. Bu adam bütün ölkə səhiyyəsini bazara çevirir, xəstəxanaların həyətini, ərazisini iş adamlarına bina tikintisi üçün satır, hətta...
1994-cü ildə Beynəlxalq humanitar təşkilatlar çadırlarda kütləvi  xəstəlik tapan  zavallı  qaçqın və məcburi köçkünlər üçün neçə milyon dəyərində  dərman, tibbi preparatlar göndərmişdi. Bax, onları apteklərdə  satıb milyonlar qazanan Əli İnsanov idi. Bu barədə heç kim heç nə yazmaq istəmir. 
Sonda nə oldu..? 
Səhiyyəmizin başına daş salan Əli İnsanov dövlət çevrilişi səbəbi ilə həbs olundu. 
Təsəvvür edirsinizmi, SƏHİYYƏ naziri və dövlət çevrilişi...
Dünya tarixində  Müdafiə naziri, Daxili işlər naziri və s dövlət çevrilişində iştirak edər...
Bizdə isə ən humanist sahə olan, Səhiyyə nazirliyi...
Bax, Əli İnsanovun mahiyyəti bu idi...
Ailəsini, oğlunu və qızı  ŞTELEN AYLU-nu İsrail vətəndaşı edir və  Azərbaycanda partiya sədri olur...
Sözümüzün canı odur ki,”Mən “maz” kəşf eləmişəm, milyonlar qazanmışam” deyən Əli İnsanov səhiyyəmizin başına elə bir daş salıb ki, hələ uzun illər bu durumdan çıxa bilməyəcəyik...
Əli İnsanovdan sonra Səhiyyə naziri olan Oqtay Şirəliyev də  səhiyyə sahəsini açıq alverə-bazara çevirdi. 
Bütün ölkə mediası  yazdı ki, Səhiyyə naziri Oktay Şirəliyevin qızı Nərminə Şirəliyevə xristianlığın Qriqoryan təriqətini qəbul edib, xaç suyuna çəkilib, xaç atası da Armen Cigərxanyandı.
Və  Rusiyada  nazir postunu tutur. 
Əli İnsanovun ailə üzvləri İsrail vətəndaşı, Oqtay Şirəliyevin qızı isə  xristian təriqətinin üzvü və Rusiyada Moskva  Vilayətinin Mədəniyyət naziridir ...
İndi Azərbaycan  səhiyyəsinin durumunu təsəvvür edin... 
Qarnı ağrıyan və imkanı olan ABŞ-a, Almaniyaya, imkanı az olanlar Türkiyəyə, İrana  qaçır....
Azərbaycan səhiyyəsi isə  kasıb və imkansız təbəqənin sanki cibini kəsir və canını alır...
İcazə verin bütün bunları keçid  dövrünün üzərinə  ataq. 
Bu gün nə Əli İnsanov var, nə də Oqtay Şirəliyev...
Teymur Musayev  uzun axtarışdan sonra Səhiyyə  naziri olub.  
Və hətta  Azərbaycanda Səhiyyə Nazirliyindən əlavə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”, yəni TƏBİB  var, üstəlik,  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi  var. 
Loru dildə desək,  Azərbaycanda  3 dənə “səhiyyə nazirliyi”, 3 dənə “ səhiyyə naziri” var. Amma səhiyyə xidməti Azərbaycanda O- “noldur”, yəni sıfırdır. 
Birincisi, bu qədər  böyük səhiyyə strukturu kimə lazımdır..? 
Milyonlarla dövlət vəsaiti  xərclənir. 
Və üstəlik vətəndaşlar bu 3 qurumun arasında qalır. Hər qurum vətəndaşı digər qurumun üzərinə yönəldilir. 
Başa düşdünüzmü, cənablar..? 
Dünyada  belə əcaib idarəetmə yoxdur. 
Yaxşı, barəsində danışdığımız Əli İnsanov, Oqtay Şirəliyev neçə ildir ki, yoxdur...bəs səhiyyəmiz niyə irəli getmək əvəzinə geri gedir..? 
Bax, əsas sual budur.
İndi isə TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi  arasında baş verənlərə nəzər salaq.
Açıq demək lazımdır ki, İcbari Tibbi Sığorta Dövlət Agentliyi  Səhiyyə Nazirliyini  saymır və özünü müstəqil  nazirlik kimi aparır. Üstəlik TƏBİB  Səhiyyə Nazirliyinə deyil, birbaşa İcbari Tibbi Sığorta Dövlət Agentliyinə tabedir. 
Aydın oldumu, səhiyyə sistemində nələr baş verir..? 
Məlumdur ki, TƏBİB-in rəhbər  Ramin Bayramlı  istefa verəndən sonra bu vəzifə bir müddət boş qaldı. Və sonra onu müvəqqəti olaraq Vüqar Qurbanov əvəz etdi. 
Təsəvvür edirsiniz, bu adam eyni zamanda  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Departament direktorudur. 
Bir soruşan yoxdur ki, ay  adam, sən eyni vaxtda necə iki STULDA OTURA bilərsən..? 
Həm Agentlikdə Departament direktoru, həm də TƏBİB-in rəhbəri...
Yəni səhiyyə sistemində kifayət qədər savadlı, səriştəli  kadrlar olduğu halda niyə 1 nəfər  2 kresloda oturmalıdır..?
Bunun bircə izahı var:  Rüşvət və korrupsiya hallarından kənar adamlar xəbərdar olmamalıdır, ancaq öz yaxınların bu işdə iştirak edə bilər. 
Onda ortaya sual çıxır: Bəs “Korrupsiya haqqında” Qanun..? 
Belə qanunlar Azərbaycanda ancaq kağız üzərindədir. 
Vüqar Bayramov son aylar  kadrların yerini dəyişməklə özü üçün böyük maliyyə biznesi qurub. 
Qoy, bütün bu yazdıqlarımızdan  Səhiyyə naziri Teymur Musayev və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbəri  Zaur Əliyev nəticə çıxartsınlar. Yoxsa, onları da Əlinin və Oqtayın  aqibəti gözləyir.
Xatırladaq ki, yazıda müxtəlif saytların materiallarından istifadə olunmuşdur.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. /Gundelik-baku.com/

скачать dle 12.1