Mehri dəhlizi ilə Naxçıvana qısa quru yolun açılması məsələsi yenidən gündəmə gəlir. 
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun Qarabağdakı həlledici hərbi uğurlarından sonra Naxçıvana qısa quru yolun açılması, bu yol vasitəsi ilə Türkiyə-Azərbaycan quru yolunun da yaranması mövzusu aktuallaşır.
Hələ 90-cı illərdən zaman-zaman danışıqlarda Mehri dəhlizi mövzusu gündəmə gəlsə də, ümumi Qarabağ problemi kimi bu məsələ də həllini tapa bilməmişdi.
Amma artıq situasiya tamam fərqlidir. Yeni şəraitdə yeni şərtləri də artıq qalib tərəf- rəsmi Bakı diktə edəcək.
Mövzu ilə bağlı Yaşıllar Hərəkatının təsisçisi və lideri, sabiq millət vəkili Ceyhun Osmanlı da maraqlı təkliflə çıxış edib.
Ceyhun Osmanlı Prezident İlham Əliyevin ermənilərin müharibədə Azərbaycana vurduğu zərəri hesablamaq üçün yaratdığı Komissiya barədə fikrilərini bölüşərkən, bunun çox mühüm qərar olduğunu vurğulayıb:
 
"Olduqca mühüm qərardır. Çünki gec-tez müharibə başa çatacaq və Ermənistan-Azərbaycan arasında münasibətləri tənzimləmək üçün sənədlər imzalanacaq. Bu sənədlərin imzalanacağı masada Azərbaycan qalib, Ermənistan isə məğlub tərəf olacaq. Bax məhz onda Azərbaycan rəsmi şəkildə Ermənistandan maddi təzminat tələb edə biləcək. Belə bir kompensasiya tələbi milyardlarla ölçüləcəyi üçün Ermənistan bunu ödəyə bilməyəcək. Bax elə o zaman da Azərbaycan Ermənistana o pulu qazanmağa şərait yarada bilər.  Necə? Çox sadə.
Ermənistan öz ərazisindən Azərbaycanla Türkiyəni Naxçıvan üzərindən müddətsiz birləşdirən korridor verir və tranzitdən qazandığı gəlirləri də öz borcunu ödəməyə yönəldir. Zəngilan ərazisindən Naxçıvana çatmaq üçün təxminən cəmi 40-50 km bir yoldan söhbət gedir.  Beləliklə Ermənistan da bu yolla Avropa-Asiya nəqliyyat marşrutunun bir hissəsinə çevrilmiş olur. Əslində ermənilərdə məntiqli düşünən bir hökümət qurulsa, onlar özləri belə bir layihə üçün Azərbaycana minnətçi düşməlidir. Bu yolla Naxçıvan da quru yolu ilə mövcud blokadadan çıxmış olar və biz rahatlıqla avtomobillə bir neçə saata Naxçıvana çata bilərik, eyni zamanda Naxçıvandakı qardaş-bacılarımız rahatlıqla öz avtomobillərində həm Qarabağa, həm də Bakıya bir neçə saata səfər edə bilər". скачать dle 12.1