BakiSesi.com

Milyonluq avtomobillər, villalar, şirkətlər: Elton Məmmədov bu qədər sərvəti necə toplayıb?

Tarix:23-02-2021, 15:17 | Oxunub: 12
Milyonluq avtomobillər, villalar, şirkətlər: Elton Məmmədov bu qədər sərvəti necə toplayıb?
Deputat kürsüsünü tərk edəndən sonra Azərbaycanın elm ocağına sızan və Ramiz Mehdiyevin “qara kassiri” olan Elton Məmmədovun ahıl yaşında AMEA-da karyera yüksəlişinin səbəbləri haqqında yazmışdıq. Mediada yayılan məlumatlara və Ramiz Mehdiyevin elm ocağını hansı məqsədlər üçün istifadə etdiyinə nəzər salanda səbəb aydın görünür: Ramiz Mehdiyev Elton Məmmədovu pul toplamaq, həm AMEA-ya ayrılan dövlət vəsaitini, həm də müxtəlif yollarla qazanc əldə etmək məqsədilə “yüksəltməkdədir”.

Burada sual yaranır: niyə Elton Məmmədov?

Elton Məmmədovun karyerasına baxmaq onun bu “vəzifəyə” layiq olduğunu anlamağa imkan verir.

Qanunverici orqanın kürsüsündə təmsil olunanda Elton Məmmədovun deputatlıq toxunulmazlığını şəxsi biznesi üçün sərf etdiyi məlumdur. Ölkə və xalq üçün taleyüklü məsələlərdə səssiz qalan keçmiş deputatın adı yalnız qalmaqallarda hallanırdı:

– Elton Məmmədovun separatçılarla əlaqəsi araşdırılır:

Ukrayna Xüsusi Xidmət Orqanları 2019-cu ildə Donetsk separatçıları ilə əlaqəsi olan şirkətləri araşdıranda Elton Məmmədova məxsus şirkəti də siyahıya salmışdı. Bu haqda məlumatlar yayılsa da, Elton Məmmədov heç nə olmamış kimi susdu. Hərçənd ki, Azərbaycan-Ukrayna strateji əlaqələri fonunda AMEA-da vəzifə daşıyan, keçmişdə deputat olmuş bir şəxsin adının belə hallanması dövlət maraqlarına ziddir. O ayrı məsələ ki, Elton Məmmədov deputat ola-ola bu pulları necə qazanıb, dəyəri on milyonlarla ölçülən şirkətlərə necə sahib olub?!

Məlumdur ki, Elton Məmmədov bu sərvəti deputat səlahiyyətlərindən sui-istifadə etməklə, maxinasiyalar və qeyri-qanuni yollarla qazanıb və Azərbaycan dövlətindən oğurladığı pullarla dövlətin əleyhinə addımlar atıb.

– Elton Məmmədovun oğlu avtoxuliqanlıq etdi:

2014-cü ildə baş verən bu hadisə ilə əslində Elton Məmmədovun və oğullarının gerçək kimliyi ortaya çıxdı. Məmmədovlar ailəsi dövlət vəsaitinin oğurluğu hesabına sərvət qazanaraq, harın həyat yaşayırmışlar. Təəccüblü deyildi, amma hər şeyin bu qədər açıq formada edilməsi və heç nədən çəkinməmələri təəccüblü idi.

Oğul Aynar Məmmədov atasının qeyri-qanuni yollarla əldə etdiyi pullarla aldığı 10-LZ-100 dövlət nömrə nişanlı “Porşe”də qanunları şossedə tapdayırdı.

Elton Məmmədov bu hadisəni ört-basdır etmək üçün çox yola əl atdı, amma mümkün olmadı və ardınca onun oğlanlarının avtomobil kolleksiyası haqda məlumatlar mediada geniş yayıldı.

Aynar Məmmədovun kolleksiyası:

– “Lamborghini Avendator LP700-4”;

– “BMW”;

– “Mercedes CLS 63”;

– “Grand Cherokee”;

– “Ferrari”;

– “Maserati”;

– “Porsche Panamera”

Elnur Məmmədovun kolleksiyası:

– “Aston Martin DBS”

– “Mercedes G-Class Brabus G V12”

– “Aston Martin Rapide”

– “Hummer H1”

– “Hummer H2”

– “BMW X5”

– “Bentley Continental GT”

– “Porsche Panamera”

Bu kolleksiyalar Elton Məmmədovun topladığı varidatın kiçik bir qismidir.

Villalar, restoranlar, iaşə obyektləri, şirkətlər və saydıqca bitməyən biznes imperiyası.

Elton Məmmədovun oğulları təkcə avtoxuliqan yox, həm də qumar oyunları ilə ad çıxarıblar. Aynar Məmmədova məxsus “Nar Cafe”də qanunsuz mərc oyunlarının keçirilməsi faktı uzaq tarix deyil.

Korrpsioner atanın harın oğlanları

Elton Məmmədovun karyerası və qazandığı sərvətin mənbəyini araşdıranda oğlanlarının harınlanmış həyat yaşaması təəccüblü gəlmir. Ata Məmmədov oğul Məmmədovların əməllərini ört-basdır etmək üçün əlindən gələni etməyə davam edir. Lakin ötən ilin fevralında Aynar Məmmədovun içkili halda avtomobil idarə etdiyi, onu saxlayan polis əməkdaşlarına qarşı zor tətbiq etdiyi xəbərləri yayıldı.

Məmmədovlar ailəsinin qanunsuz biznesi, dövlət vəsaitinin mənimsənilməsi və müxtəlif yollarla əldə edilən sərvəti, harınlanmış həyatları haqda çox yazılıb, bundan sonra da yazılacaq.

Burada “bütün bunlara niyə yenidən qayıdırıq?” sualı yarana bilər. İki sadə səbəbi var.

Birincisi, bu qədər qanunsuz əməldən sonra Elton Məmmədov Azərbaycanın elm ocağına necə sızdı?

İkincisi, o, niyə hələ də istintaqa cəlb edilməyib?

Birinci sualın cavabı məlumdur. Ramiz Mehdiyev Elton Məmmədovu “qara kassir” olaraq tutub. Mediada yayılan məlumatlara görə, hətta Ramiz Mehdiyev müxtəlif yollarla əldə edilən pulların toplanması işini Elton Məmmədova həvalə edib, onun AMEA-ya gətirilməsinin səbəbi də əslində budur.

İkinci sualın cavabı hələ də açıq qalır. Ölkədə korrupsiyaya qarşı genişmiqyaslı əməliyyatlar keçirilir və keçmiş nazirlər, eləcə də digər vəzifəlilər törətdikləri əməllərə görə istintaq altındadır. Elton Məmmədov əslində bu siyahıda ilk olmalı idi. Onun oğlanlarının təkcə avtomobil kolleksiyası qanunsuz əməllərini, qeyri-qanuni varidat toplamasını sübuta yetirmək üçün yetərli faktdır. Bu baxımdan, Elton Məmmədovun da qanun qarşısında cavab verməsinin vaxtının çatdığını deyə bilərik. Bununla həm törətdiyi əməllərə görə cavab verər, həm də elmc ocağı belə şəxslərdən təmizlənər.

konkret.azскачать dle 12.1