Azərbaycanın ümummilli liderinin qızı, bəstəkar Sevil Əliyeva “Rossiya-1” telekanalının “Privet, Andrey” (“Salam, Andrey”) proqramının şair-nəğməkar Mixail Taniçə həsr edilmiş buraxılışında qonaq olub. Mixail Taniç iki mindən çox mahnının müəllifidir. Onun mahnılarından bir çoxunu əzbər bilirlər. Mixail Taniçin şerlərinə yazılmış mahnılar “Qadınları qoruyun”, “Böyük dəyişiklik” və digər filmlərdə səslənib.
Proqramın aparıcısı Andrey Malaxov studiyada Rusiyanın əməkdar artisti Lyubov Privini salamlayıb. Privin Mixail Taniçin və Sevil Əliyevanın “İlk məhəbbət” mahnısını oxuyub. Daha sonra videoəlaqə yolu ilə efirə Sevil Əliyeva qoşulub və Mixail Taniçin dul həyat yoldaşı Lidiya Mixaylovnanı salamlayıb.
“Mənim mahnım çoxdur, amma ən başlıcası Mixail İsayeviçlə birlikdə yazdığımız mahnılardır. Təəsüf ki, o vəfat edəndən sonra mənim musiqilərim ancaq instrumental janrda oldu. Çox melodiyalarım var, onların bir çoxunu hətta heç kim eşitməyib. Mən instrumental albom buraxmışam, onun təqdimatında Lidiya Mixaylovna iştirak edib. İki diskdən ibarətdir. Əlbətdə, əgər onlar mahnılar olsaydı çox yaxşı olardı. Mən demirəm ki, yaxşı şair yoxdur. Onlar var. Amma mənim şairim Mixail İsayeviç Taniçdir”,-Sevil Əliyeva deyib.
Aparıcı Andrey Malaxov isə öz növbəsində deyib ki,  həmişə Sevil Əliyevanı studiyada gözləyir və onun məşhur  “Kiçik gəmicik” mahnısını birlikdə oxumağa ümid edir.
скачать dle 12.1