Azərbaycanın 30 ilə yaxındır işğal altında qalan 20 faizlik ərazisində qondarma rejiminin rəhbəri sayılan Araik Arutyunyanın son açıqlaması aranı qarışdırıb.
Onun “Ağdam da Xankəndi, ŞuşaLaçın və ya Kəlbəcər kimi bizim vətənimizdir…”- deyə sosial şəbəkə hesabında yazması insanları hiddətləndirib.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Mənsum İbrahimov artıq müharibəyə hazırlaşmalı olduğumuzu bildirib:
“Mən siyasətçi deyiləm, amma mədəniyyət xadimi, o torpaqdan olan bir vətəndaş kimi deyə bilərəm ki, o millətin özünün heç nəyi yoxdur. Nə torpağı, nə musiqisi… Onlar özləri qondarma bir millətdir. Onlar o qədər azğınlaşıblar ki, torpaqlarımıza göz dikiblər. Biz sülhsevər millətik, onlar da bundan istifadə edirlər. 30 ildir ki, dünya ictimaiyyəti də buna susur, Beynəlxalq təşkilatlar da qəbul etdiyi qərarlara əməl etmir. Mən düşünürəm ki, biz ancaq öz gücümüzə arxalanmalıyıq və müharibəyə hazırlaşmalıyıq. Açıqlamalardan görünür ki, onlar sülh danışıqları ilə torpaqlarımızı qaytarmaq niyətində deyillər. Hətta bizə meydan oxuyurlar ki, “biz oranı işğal edəcəyik”. Onlar bizim torpaqlarımıza göz dikiblər, şirnikiblər. Biz ordumuzla hazırlaşıb tezliklə torpaqlarımızı işğaldan azad etməliyik. Qanla verilən torpaq qanla da alınmalıdır. Mən başqa yol görmürəm. 30 ildir bizi aldadıblar, gözləyirik, amma heç bir nəticəsi yoxdur”.
Sənətçi bütün xalqın səfərbər olmasını, hərənin öz sahəsində “vuruşmalı olduğunu deyib:
“Böyük bir nəsil yetişib, 28 yaşlı gənc bilmir ki, Qarabağ haradadır, görməyib. Bu problem övladlarımıza qoya bilmərik, biz birləşib bunu həll etməliyik. Buna birdəfəlik son qoyulmalıdır, çünki artıq əsəblərimizlə oynayırlar. O açıqlamaları vətəndaşlarımız hamısı oxuyur, insanların səbri qalmayıb, dözə bilmirlər. Belə yaşamaq olmaz, hər dəfə gedib Şuşada, Cıdır düzündə bir tədbir edirlər, bizə acıq verirlər. Olmaz, bunu bütün dünya görür, amma heç nə etmirlər. Təbii ki, biz sülh istəyirik, amma olmur. Bizim torpaqlarımız işğal olunub, nəyə görə güzəştə getməliyik? Bundan sonra torpaq verməliyik?! Torpaqlarımızı qaytarsınlar, getsinlər özləri üçün yaşasınlar. Mənim torpağımda erməni əsgəri nə gəzir?! Hələ Suriyadan ailələr köçürürlər. Bu nə deməkdir axı? Ora mənim Vətənimdir, niyə başqaları yaşamalıdır?
Bunların danışıqlarla torpaq qaytarmaq fikirləri yoxdur. Daha səbrimiz tükənib. Millətimiz ordumuzla birləşib, səfərbər olmalıdır, hər kəs öz sahəsində vuruşmalıdır. Torpaqlarımız qayıtmalıdr, bu utancla biz nə qədər yaşayacağıq? Belə olmaz axı”.скачать dle 12.1