Yasamalda yaşayan əməkdaşımız danışır: “Bizim küçədə yeməkxanaların birinin üstünə belə elan yapışdırılıb: “Dönər şəhid ailələri üçün 50 qəpikdir”.
Qeyri-ixtiyari soruşdum: “Həmin yeməkxanada dönəri neçəyə satırlar?”
Cavabı belə oldu: “Bir manata”.
Bu yaxınlarda jurnalist dostlarımdan biri mənə dedi ki, onların məhəlləsində bir kafe şəhid ailələrinə pulsuz xidmət göstərir. Bunu hardan bildiyini soruşanda belə cavab verdi: “Kafenin qarşısına iri hərflərlə yazıb yapışdırıblar ki, şəhid övladlarından yemək pulu alnmır”.
Bu məsələ diqqətimi çoxdan cəlb etdiyi üçün belə bir eksperiment aparmağa qərar verdim. Həmin həmkarımdan xahiş etdim ki, sabah kafenin sahibi ilə görüşsün. Sual dolu baxışlarını üzümə zilləyib durdu: “Nə soruşum?”
Qərara aldıq ki, jurnalist dostum indiyə kimi neçə şəhid övladının həmin kafedə pulsuz yemək yediyilə maraqlansın…
Sabah zəng edib belə dedi: “Müdirdən bunu soruşanda dedi ki, a kişi, sən nə danışırsan? Onlar heç özlərinə sığışdırıb pulsuz yemək yeyərlər?!”
Şəhid övladının hansısa kafeyə gedib atasının Vətən uğrunda canını fəda etdiyini deyərək, pulsuz yemək yediyini mən də ağlıma gətirə bilmirəm. Əgər belədirsə, hansısa ucuz bir kafenin sahibi bunu niyə şəhid övladlarına rəva bilir? Ola bilsin ki, niyyəti xoşdur. Amma yanlış hərəkətdir. Eyni dönəri Məmmədə 1 manata, şəhid övladına 50 qəpiyə satmaq nə deməkdir? Şəhid övladının sənin 50 qəpiyinə ehtiyacı var? Bəlkə bu yolla hansısa sahibkar öz piarını aparır? Bu ölkədə şəhid, qazi adından istifadə edən o qədər dələduz gömüşük ki…
Bu hadisəni isə Bakıətrafı qəsəbələrin birində yaşayan qohumum mənə danışıb. Dediyinə görə, 8-9 yaşlı çəlimsiz qız uşağı aldığı çörəyin pulunu satıcıya uzadanda, mağaza sahibi “get, a bala” deyərək, pulu almaqdan imtina edib. Uşaq mağazadan çıxandan sonra isə üzünü müştərilərə tutaraq belə deyib: “Şəhid övladı olduğu üçün çörəyin pulunu almadım”.
Yadıma 2016-cı ilin Aprel döyüşlərindən sonra baş vermiş bir hadisə düşdü. O vaxt vətəndaşlara əsgər və zabitlərimizi kütləvi ziyarət etmək üçün şərait yaradılmışdı. 800 manatlıq kostyum geyinən yekəqarın QHT rəhbərlərindən biri 50 qəpikdən 3 cüt corab alıb əsgərlərimizin ziyarətinə getmişdi…
Şəhid övladları başımızın tacıdır. Onların bizim hamımızdan yaxşı geynməyə, yaxşı yeməyə haqqı var. Bunu hamıdan yaxşı Azərbaycan dövləti bilir. Siz də razılaşarsınız ki, şəhid ailələrinin və Vətən Müharibəsi qazilərinin sosial problemlərinin həlli istiqamətində son vaxtlar məqsədyönlü iş aparılır. Hər gün ən azı 50 şəhid ailəsinə, Qarabağ qazisinə ev verilir. Hər bir şəhid ailəsi ayda 500 manat Prezident təqaüdü alır. Şəhidin 18 yaşına çatmayan övladlarının hər birinə ayrı-ayrılıqda sosial müavinət ödənilir. Şəhid övladları universitetlərdə pulsuz təhsil alır, digər imtiyazlardan yararlanırlar. Demək istədiyim odur ki, hansısa şəhid övladının mənim, sənin 50 qəpiyinə ehtiyacı yoxdur.
Siz Alalh, qaraçılıq etməyin…  скачать dle 12.1