"Report" xəbər verir ki, alim 86 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, A.Abiyev 28 aprel 1936-cu ildə Lerik rayonunun Hiledərə kəndində anadan olub. O, orta məktəbi Biləsuvarda oxuduqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinə qəbul olur. Abiyev 1957-1962-ci illərdə Şərqşünaslıq fakültəsinin türk şöbəsində təhsil alıb.
Aydın Abiyev əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi kimi başlayıb. Daha sonra o, 1975-ci ildə baş elmi işçi olub. Abiyev 1978- 1981- ci illərdə Türkiyənin İsgəndərun şəhərində tərcüməçi kimi çalışıb. O, 1981-1992-ci illərdə yenidən Şərqşünaslıq İnstitutunun türk filologiyası şöbəsində baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb.
Alim 1992-1998-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Ədəbiyyat və Azərbaycan dili kafedrasının dosenti, sonra professoru olub. 2000-ci ildə Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, həmçinin AMEA-nın Şərq xalqları ədəbiyyatı üzrə dissertasiya Müdafiə Şurasının üzvü olub. Abiyev Azərbaycanda ilk dəfə "Türkiyə ədəbiyyatı tarixi" dərsliyini və "Türk mənşəli şəxs adları sözlüyü" kitabların nəşr etdirib.
