Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, görüş zamanı Prezident İlham Əliyev məmurlara ciddi xəbərdarlıq edib: "İcra başçıları vəzifələrə təyinat apararkən savadlı, bilikli, vətənpərvər və sədaqətli, həmçinin milli-mənəvi dəyərlərə sadiq, eləcə də ümumbəşəri dəyərləri paylaşa bilən, dövlətə və dövlətçiliyə faydalı kadrlara üstünlük verməlidirlər. Prezident vurğulayıb ki, icra başçıları komandalarını diqqətli şəkildə formalaşdıraraq rayonları uğurla idarə etməlidirlər. Kabinetlərdə oturaraq deyil, xalqın içində olub, onların problemlərinin həllinə yerində nail olmaq lazımdır. Eyni zamanda, Prezident kadr seçimi ilə bağlı ilk növbədə onu qeyd edib ki, tanışların, qohumların vəzifəyə gətirilməsi yanaşması qəbuledilməzdir. Belə prinsiplər əsasında rayonların idarəetməsini həyata keçirmək effektsizdir. Cənab İlham Əliyev, həmçinin vurğulayıb ki, rüşvət və korrupsiya yolunu seçmiş, şəxsi maraqlarını dövlət maraqlarından üstün tutan icra başçılarını hansı taleyin gözlədiyi məlumdur. Belə məmurlardan bəzilərinin həbs edilməsi, bəziləri barədə istintaq işinin davam etməsi isə əsl nümunədir. Yəni, ləyaqətlə xidmət edənləri karyera yüksəlişi gözlədiyi kimi, korrupsiya, rüşvət və qohumbazlıq yolunu seçənləri də cəza gözləyir. Bundan başqa, Prezident 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələrinin və qazilərin qayğıları ilə məşğul olmağın, onların rastlaşdıqları problemlərin həllində yaxından iştirak etməyin vacibliyini qeyd edib. Prezidentin dediyinə görə, tarixi qələbəmizin əldə olunmasında böyük xidmətlər göstərmiş vətəndaşların və onların ailə üzvlərinin diqqət və qayğı ilə əhatə olunmasına çalışmaq lazımdır. Bu gün baş tutan görüşdə cənab Prezident bu kimi məsələləri xüsusi qeyd edib və vacib mesajlar ötürüb".