Bu fikirləri yeni təyin edilmiş icra başçılarını qəbulu zamanı prezident İlham Əliyevin məmurlara etdiyi xəbərdarlıqlar barədə danışarkən Milli Məclisin deputatı Elman Nəsirov Yenicag.az-a açıqlamasında səsləndirib.

Elman Nəsirov qeyd edib ki, hər bir məmur prezidentin xəbərdarlığından dərs çıxarmalıdır:
“Bu bir həqiqətdir ki, ölkə başçısı cənab İlham Əliyevin məmurlar qarşısında qoyduğu bir nömrəli tələb ondan ibarətdir ki, xalqa ləyaqətlə xidmət etmək lazımdır. Bu gün cənab prezident yeni təyin etdiyi icra başçıları ilə söhbəti zamanı bir daha vurğuladı ki, xalqın içində olun, gününüzü kabinetlərdə keçirməyin, vətəndaşların problemlərini dinləyin, onları həll edin və insanları narazı salmayın. Süni şəkildə narazılıq yaratmaq olmaz. Prezident, həmçinin vurğuladı ki, heç bir halda fəaliyyətinizdə qohumbazlığa yer verməyin. Yalnız bilikli, savadlı, vətənpərvər, milli dəyərlərə söykənən peşəkarlar işə cəlb edilməlidir.
Cənab prezident rüşvət və korrupsiyaya qarşı müharibə elan edib. Ötən çıxışlarının birində də vurğulamışdı ki, yeni təyin olunmuş məmurlar tövsiyyələrim əsasında qanun çərçivəsində fəaliyyət göstərirlər, ancaq bir müddət keçdikdən sonra onlar öz sələflərinin yolu ilə getməyə başlayırlar. Bu, qəbuledilməzdir. Prezident dəfələrlə bildirib ki, dəmir barmaqlıqlar ardında qalmaq istəmirsinizsə, üzüxoşluqla vəzifədən gedin.
Bu gün cənab prezident bu məsələyə yenidən toxundu. O hər zaman söyləyir ki, yaxşı və ləyaqətlə işləyəcəksənsə, səni yüksəliş gözləyir. Əksi olacaqsa, cəzalandırılacaqsan və cəza da çox sərt olacaq. Nəzərə alsaq ki, cənab prezidentin sözü ilə əməli tam üst-üstə düşür, bu ismarış, bu mesaj hər bir məmur üçün dərs olmalıdır.
Ölkə rəhbəri özü bir nümunədir. Hər zaman söyləyir ki, xalqın bir nömrəli xidmətçisidir. Bizim əsas amalımız bu xalqa xidmət etməkdir”.скачать dle 12.1