Müsahibimiz Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elman Nəsirovdur.
– Elman müəllim, Azərbaycanla Rusiya Federasiyası arasında imzalanmış Müttəfiqlik Bəyannaməsi beynəlxalq aləmdə geniş əks-səda yaradıb. Bu sənədin ölkəmizə verəcəyi faydalar barəsində sizin də fikrinizi bilmək istərdik.
– Prezident İlham Əliyevin bu günlərdə Rusiya Federasiyasına rəsmi səfəri iki dövlət arasında münasibətlərin bundan sonrakı inkişafı üçün yeni imkanlar, perspektivlər açdı. Xüsusilə, iki dövlətin siyasi liderlərinin – İlham Əliyevlə Vladimir Putinin imzaladıqları ikitərəfli münasibətlərin müttəfiqlik səviyyəsinə qaldırmasını özündə ehtiva edən bəyannamə, sözün həqiqi mənasında, Bakı–Moskva münasibətlərində gələcək inkişafın yol xəritəsi hesab oluna bilər. Möhtərəm Prezidentimiz diqqəti elə bu sənədin birinci maddəsinə cəlb edərək bildirdi ki, hər iki dövlət qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını qəbul edir və münasibətləri bu əsasda qurur. Eyni zamnda, hər iki dövlət bir-birinin daxili işlərinə qarışmamaq, bərabərhüquqlu münasibətlər saxlamaq xəttinə sadiqdir. Olquqca vacib bənddir. Xüsusilə, bu gün dünyada baş verən qeyri-müəyyənlik fonunda bu bəndin xüsusi əhəmiyyəti var.
İkinci bənddə isə qeyd olunur ki, Azərbaycan və Rusiya dövlətləri öz xarici siyasətlərini müəyən etməkdə müstəqildirlər. Bütün bunlar nəticə etibarı ilə onu göstərir ki, müstəqil siyasət həyata keçirərək və qarşılıqlı maraqlardan çıxış edərək, Azərbaycan– Rusiya münasibətlərinin formalaşması prosesi davam edir. Əvvəla, onu qeyd edək ki, mütəffiqlik münasibətləri bütün sferaları əhatə edir. Bu, həm siyasi, ticari-iqtisadi, humanitar sfera-təhsil, mədəniyyət, elm, səhiyyə, kənd təsərüfatı, həm də, bütövlükdə, bütün sahələri əhatə edir. Həmin sahələrdə əməkdaşlığın yeni inkişaf səviyyəsini müəyyənləşdirən sənəddir. Bəyannamə xüsusilə, o baxımdan əhəmiyyətlidir ki, ilk dəfədir orada “Dağlıq Qarabağ “ ifadəsinə rast gəlmirik. Prezident İlham Əliyev ötən il iyulun 7- də Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonasının yaradılması haqqında məlum fərman imzaladı. Bununla da, bütövlükdə, “Dağlıq Qarabağ” ifadəsi konteksdən çıxarıldı. “Dağlıq Qarabağ” ifadəsi tarixin arxivinə atldı. Ümumiyyətlə, Dağlıq Qarabağ inzibati-ərazisi yoxdur. Moskva Bəyannaməsində də bu reallıq öz əksini tapıb.
– Sənəddə, ATƏT-in Minsk qrupu barəsində də bir kəlmə söz yoxdur. Bunu necə dəyərləndirərdiniz?
– 43 bənddən ibarət sənədin mahiyyəti ilə tanış olduqda görürsənki, bu, postmüharibə dövrünün sənədidir. Sənəddə artıq Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən söhbətə getmir. Eyni zamanda, tənzimlənmə prosesində ATƏT-in Minsk qrupunun adı belə çəkilmir. Bu, o deməkdir ki, artıq münaqişə bitib, müharibə başa çatıb və ATƏT kimi vasitəçiyə ehtiyac yoxdur. Həmin sənəddə bu məqamların öz əksini tapması, ATƏT-in Minsk qrupunun adının bir dəfə də olsun çəkilməməsi çox böyük diplomatik uğurlardan biri hesab edilməlidir. Eyni zamanda, postmünaqişə dövrünün həllini gözləyən məsələlər də bu sənəddə öz əksini tapıb. İlk növbədə, sənəddə 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 2021-ci il 26 noyabr tarixli sənədlərinə istinad edilir. Həmçinin postmünaqişə dövrünün həllini gözləyən məsələlərin tənzimlənməsi istiqamətində səylərin birləşdirilməsi fikri öz əksini tapıb. Xüsusilə, qeyd etmək istərdim ki, bəyannamənin bizim üçün ən əhəmiyyətli məqamlarından biri odur ki, 10 noyabr, 11 yanvar və 26 noyabr sənədlərində nəzərdə tutulmuş məsələlərin tam şəkildə həllini özündə ehtiva edib. Bu, ilk növbədə, heç şübhəsiz ki, Ermənistan silahlı qüvvələrinin tör-töküntülərinin Qarabağdan çıxarılmasını, eyni zamanda, Zəngəzur dəhlizinin açılmasını özündə əks etdirən əhəmiyyətli sənəddir.
– Belə fikirlər də səsələnir ki, guya, Rusiya Federasiyası bu bəyannaməni imzalamaqla Azərbaycanla müttəfiqlik yox, ittifaq münasibətləri qurmaq istəyir. Bununla bağlı sizin də fikirlərinizi bilmək maraqlı olardı.
– Mən də eşitmişəm. Bəzi spekulyantlar qeyd edirlər ki, Rusiyanın qondarma Luqansk və Donetsk xalq respublikalarının müstəqilliyini tanıdıqdan sonra bu sənədi imzalaması Azərbaycanın milli maraqlarına ziddir. Tamamilə yalnış fikirdir. Qeyd edim ki, bu addımın atılması bu gün baş verməyib. Prezident İlham Əliyev 31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində Rusiya ilə münasibətlərin artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyacağının anonsunu vermişdi. Bu proses davamlı şəkildə getmişdi və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuşdu .
Göründüyü kimi, Mütəffiqlik Bəyannaməsinin imzalanmasına mərhələ-mərhələ gəlib çatmışıq. Ortada 1997-ci il 3 iyul tarixində Rusiya ilə Azərbaycan arasında imzalanmış dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə var. Bundan sonra 2008-ci il 3 iyul tarixli növbəti – dostluq və strateji əməkdaşlıq haqqında müqavilə imzalanıb. İki ölkə arasında imzalanmış 2018-ci il 3 sentyabr tarixli daha bir birgə Bəyanat var. Bütün bunlar iki ölkə arasında dostluq və əmədaşlıq münasibətlərinin yüksək səviyyədə olmasının təsdiqidir. Yeri gəlmişkən, Rusiya Cənubi Osetiya və Abxaziyaya qarşı da məlum addımı atarkən Azərbaycanla Rusiya dost ölkə idi. Bu, heç bir halda Azərbaycan– Gürcüstan münaibətlərinin pozulmasına xələl gətirmədi. Əksinə, ölkəmiz Gürcüstanla strateji müttəfiqdir. Eyni münasibətlər Ukrayna ilə də qorunub saxlanılmaqdadır. Yeri gəlmişkən, Azərbaycan Ukraynaya humanitar tibbi yardım etdi... Azərbaycan, həm Rusiya, həm Ukrayna, həm də Gürcüstanla dost dövlətdir. Bu reallıq, əslində, iki dövlət arasında yaranmış çox qəliz, mürəkkəb vəziyyətin tənzimlənməsində Azərbaycanın da rolunu aktuallşdırır və zəruri edir.
Bu bəyannaməni Rusiya ilə ittifaq müqaviləsi kimi dəyərləndirənlər səhv edirlər. Mən bunu tamamilə absurd yanaşma hesab edirəm. Azərbaycan Rusiya ilə ikitərəfli münasibətlərlə bağlı müttəfiqlik sənədi imzalayıb. İttifaq münasibətləri isə Rusiya ilə Belarus arasında imzalanmış müqavilədir. Biz müttəfiqlik yolunu seçmişik və ikitərəfli sənəd imzalamışıq. Bu, heç bir halda üçüncü tərəfi, üçüncü dövləti hədəfə almır. Azərbaycan Avropa İttifaqı ilə də anoloji yol seçib. Biz assosiativ sazişə imza atmadıq. Avropa İttifaqı ilə ikitərəfli strateji sənəd üzərində iş aparırıq. Artıq bu sənədin xeyli hissəsi hazır vəziyyətdədir. Göründüyü kimi, Azərbaycan ikitərəfli formata üstünlük verir. Bu da heç bir halda, üçüncü tərəfi hədəfə almır.
Beləliklə, Prezident İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri və bu zəfər çərçivəsində imzalanmış məlum müttəfiqlik münasibətləri haqqında Bəyannamə Azərbaycanın milli dövlətçilik maraqlarına tam uyğundur, ölkəmizin təhlükəsizliyinin təminatında mühüm əhəmiyyətə malikdir və bundan sonra da davamlı, uzunmüddətli inkişaf və siyasi sabitliyin qorunub saxlanılmasında əlavə imkanlar yaradacaq.
Müttəfiqlik Bəyannaməsi uzunmüddətli inkişaf və siyasi sabitliyin qorunub saxlanılmasında əlavə imkanlar yaradacaq
01
mart
12:09

Qarabağ
KOMMENTLƏR
Moskva Bəyannaməsinin Azərbaycan üçün müsbət tərəfləri nədədir?-VİDEO
Deputat: Moskva Bəyannaməsi Azərbaycanın milli dövlətçilik maraqlarına tam uyğundur
"Paşinyan nə qədər cəhd etsə də, alınmadı" - Deputat Moskva Bəyannaməsi ilə bağlı DANIŞDI - VİDEO
"Rusiya ilə Azərbaycanın müttəfiqlik bəyannaməsi tarixi sənəddir" - Zaxarova
Azərbaycan və Rusiya arasında bəyannamə imzalanacaq
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat