Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-22-də Rusiya Federasiyasına rəsmi səfəri iki dövlət arasındakı münasibətlərin bundan sonrakı inkişafı üçün yeni imkanlar pəncərəsi açıb. Xüsusilə də iki dövlətin siyasi liderlərinin - Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı müttəfiqlik Bəyannaməsi.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
“Bəyannamə, sözün həqiqi mənasında, Bakı və Moskva münasibətlərinin gələcək inkişafının yol xəritəsi hesab oluna bilər. Bu sənədin birinci maddəsinə diqqəti cəlb edərək Prezident İlham Əliyev dedi ki, hər iki dövlət qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını qəbul edir və münasibətləri bu əsasda qurur. Eyni zamanda, hər iki dövlət bir-birinin daxili işinə qarışmamaq, bərabərhüquqlu münasibətlər saxlamaq xəttinə sadiqdir. Bu, olduqca vacib bənddir. Xüsusilə də müasir dünyada baş verən qeyri-müəyyənlik fonunda bu bəndin xüsusi əhəmiyyəti var. İkinci bənddə isə qeyd olunub ki, Azərbaycan və Rusiya dövlətləri öz xarici siyasətlərini müəyyən etməkdə müstəqildirlər. Nəticə etibari ilə müstəqil siyasət həyata keçirərək, qarşılıqlı maraqlardan çıxış edərək Azərbaycan və Rusiya münasibətlərinin inkişafı prosesi baş verməkdədir. Müttəfiqlik münasibətləri bütün sahələri əhatə edir. Bu, siyasi, ticarət, iqtisadi, humanitar, təhsil, mədəniyyət, elm, səhiyyə və bütün digər sahələri əhatə edən münasibətlərdir”, - deyə Milli Məclisin deputatı qeyd edib.
Onun sözlərinə görə, bu sənəd xüsusilə də o baxımdan əhəmiyyətlidir ki, Bəyannamədə heç bir yerdə “Dağlıq Qarabağ” ifadəsinə rast gəlinmir. Prezident İlham Əliyev Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə bağlı Fərman imzalayıb, bununla da bütövlükdə “Dağlıq Qarabağ” ifadəsi artıq yoxdur. Ümumiyyətlə, Dağlıq Qarabağ, deyilən inzibati ərazi vahidi yoxdur. Sənəddə də bu reallıq öz əksini tapıb. 43 bənddən ibarət Bəyannamənin mahiyyəti ilə tanış olduqda görünür ki, bu, postmüharibə dövrünün sənədidir. Yəni, burada artıq Qarabağ münaqişəsinin tənzimləməsi prosesindən söhbət getmir. Eyni zamanda, tənzimləmə prosesində ATƏT-in Minsk qrupunun adı belə çəkilmir. Yəni, münaqişə, müharibə bitib. Bu baxımdan ATƏT kimi bir vasitəçiyə də ehtiyac yoxdur. Həmçinin postmünaqişə dövrünün həllini gözləyən məsələlərə də burada baxış öz əksini tapıb. İlk növbədə, sənəddə 2020-ci ilin 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr sənədlərinə istinad edilir. Postmünaqişə dövrünün həllini gözləyən məsələlərinin tənzimlənməsi istiqamətində səylərin birləşdirilməsi fikri əks olunur.
“Bu sənədin bizim üçün ən vacib məqamı odur ki, 10 noyabr, 11 yanvar və 26 noyabr sənədlərində nəzərdə tutulmuş məsələlərin tam şəkildə həllini tapması ilə bağlı məqam öz əksini tapır. Bu ilk növbədə heç şübhəsiz erməni silahlı qüvvələrinin tör-töküntülərinin Qarabağdan çıxarılmasını, eyni zamanda, Zəngəzur dəhlizinin açılmasını özündə ehtiva edən bir məqamdır. Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri, iki ölkə arasında imzalanan müttəfiqlik Bəyannaməsi Azərbaycanın milli dövlətçilik maraqlarına tam uyğundur. Azərbaycanın təhlükəsizliyinin təminatında mühüm əhəmiyyətə malikdir”, - deyə Elman Nəsirov bildirib.скачать dle 12.1