Avropa və Amerikada gənclərin əksəriyyəti təhsilini başa vurduqdan sonra şəxsi biznesini qurmağa, öz ideyalarını reallaşdırmağa çalışır. Məsələn, həkim klinika, müəllim lisey, vəkil isə büro açır. Dövlət işində daha çox fərdi bacarığı zəif olan, müəyyən təşəbbüsləri reallaşdırmaqda çətinlik çəkən insanlar çalışır. Bizdə isə vəziyyət bunun tam əksidir. İnsanlar kütləvi şəkildə dövlət müəssisələrinə can atır. Bir çox valideyn övladını tənqid etdiyi məmur postunda görmək istəyir.
Məsələyə münasibət bildirən hüquq müdafiəçisi Novella Cəfəroğlu Yenisabah.az-a açıqlamasında deyib ki, Azərbaycanda əksəriyyət kiçik biznes yaratmağa qorxur:
“Bizdə kiçik biznes çox mühüm məsələdir. Çoxu bunu yaratmağa qorxur. Bu gün elə həmin mövzudan danışırdıq. Bizim qeyri-hökumət təşkilatlarından birinin sədri özünə yaxşı biznes qurub, resurs mərkəzi var, arı saxlayır, çaxır düzəldir və bu yolla yaxşı pul qazanıb ailəsini dolandırır. Mən ali təhsili olan kəslərin öz işlərini qurmağa meyl etməsini çox istəyərdim. İndi bunun üçün hökumət tərəfindən kreditlər də verilməyə başlayıb. Sadəcə olaraq bunu elə tənzimləməlidirlər ki, bizim məmurlar sabah onlara “ilişməsinlər”. Başlıca problem budur. Belə bir maneə olmasa, bizim gənclərin çoxu bizneslə məşğul olmaq istəyər. Amma adamın Allahı var, prezident kiçik biznesin inkişafı üçün qanun da çıxarır, sərəncam da verir”.
Hüquq müdafiəçisi vurğulayıb ki, yeni biznesə başlayanlara vergi güzəşti tətbiq olunmalıdır:
“Götürülən pulların məbləğində aşağı faiz ödəsələr, bu, onlar üçün stimul olar. Valideynlər dşüünür ki, övladları məmur olanda işə gedəcək və ona nə tapşırılırsa, onu edib evinə qayıdacaq. Daimi iş olduğu üçün övladlarının məmur olmasını istəyirlər. Amma biznesdə vəziyyət fərqlidir, ona baş işlətmək lazımdır, uğur əldə etmək üçün çox çalışmalısan. Mən bir oğlan tanıyıram, jurnalistdir, ancaq adını deməyəcəm, o, özünə yer alıb, o yeri əkib-becərir, çox da gözəl yaşayır, çünki zəhmət çəkir. Bəli, biznes zəhmət istəyir, amma valideynlər istəyir ki, oğlu getdiyi yerdə başı ağrımasın, elə pul qazansın. Axı bəlkə orada biraz ağıllı olsa, vəzifəsi qalxacaq və oradakı məmurlar kimi pul qazanacaq... Amma onu bilmirlər ki, sabah o pul qazanmaq qurtaracaq. İstəkdən asılı olmayaq Azərbaycanda korrupsiya məsələsi bitməlidir və əvvəl-axır bitəcək. Ona görə də mənim bu gün cavanlara tövsiyəm odur ki, kiçik bizneslə məşğul olsunlar. İnsan gərək, hər şeydə özünü kəşf etsin. Mənim 79 yaşım var. 50 yaşımda bu sektora gəlmişəm. O zaman əlimdə işə düzəlmək üçün hər imkan var idi. Amma mən qeyri-hökumət sektorunu seçdim, yenidən oxudum. 50 yaşım olanda gənclərlə bir yerdə seminarlara gedirdim. O, mənə 50-60 gənc kadr yetişdirməyə imkan verdi. Maşallah, indi hərəsinin bir cəmiyyəti var, yaxşı işlərdə işləyirlər”.скачать dle 12.1