Bu sözləri açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.
O bildirirb ki, münaqişənin tənzimlənməsi prosesində Azərbaycanın hərbi üstünlüyü təmin edilib:
"Bu, həqiqətdir ki, Azərbaycan ordusu dünyada ən güclü 50 ordusu sirasındadır. Azərbaycanın milli hərbi sənaye kompleksi formalaşıb. Son illər ərzində ölkəmizdə 20 hərbi zavod tikilərək istifadəyə verilib. Bu zavodlarda 1200 adda hərbi təyinatlı məhsullar istehsal edilir. Bu məhsullar dünyanın müxtəlif ölkələrinə, o cümlədən Azərbaycanda keçirilən müdafiə sənayesi sərgilərində təqdim olunur və müsbət reaksiyalar doğurmaqdadır.

Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, "Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasınadır. Güclənən Azərbaycan və qüdrətli Azərbaycan ordusu, qəhrəman Azərbaycan əsgəri onlar üçün daim qorxu mənbəyidir və bu qorxunu aradan qaldırmaq üçün, sadəcə olaraq, Ermənistan beynəlxalq hüquq normalarına əməl etməlidir və işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır".
Ermənistan tərəfi bu fikirlərə uzun müddət ərzində bir təbliğat kampaniyasının tərkib hissəsi kimi yanaşırdı. Elə bu məntiqlə də aprelin 1-dən 2-nə keçən gecə növbəti hərbi avantüraya əl atdı və layiqli cavabını aldı. Ermənistanın Azərbaycanla dövlət sərhəddində və qoşunların təmas xəttində törətdiyi növbəti hərbi insident Azərbaycan ordusunun qüdrətini və sarsılmaz döyüş ruhunu, erməni ordusunun isə acizliyini və zəifliyini nümayiş etdirdi. Ən müasir hərbi texnika və silahlarla təhciz edilmiş, yüksək vətənpərvərlik ruhuna malik ordumuzun 4 gün ərzində düşməni əks-hücumu ilə darmadağın etməsi cənab Prezidentin yuxarıda qeyd olunan fikirlərinin tam həqiqəti əks etdirdiyini bir daha təsdiqlədi Bu təxribatın səbəbləri də bəllidir. Prezident İlham Əliyev Aprel döyüşlərindən 4 gün sonra, 2016-cı ilin aprel ayının 9-da Nazirlər Kabinetinin ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında silahlı təxribatı şərtləndirən amillərə toxunaraq bunları deyib: "Görünür ki, danışıqlarda mümkün ola biləcək müsbət dinamika Ermənistanın bu təxribata getməsini şərtləndirdi. Bir daha qeyd etmək istəyirəm, Azərbaycan öz torpaqlarını müdafiə edir, bizim başqa dövlətin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verəsi deyilik. Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın".
Cənab Prezidentin qeyd etdiyi kimi, Ermənistan, işğalçı dövlət olaraq, münaqişənin permanent şəkildə davam etməsində, status-kvo vəziyyətinin qorunub saxlanmasında maraqlı idi. İşğalçı dövlət münaqişənin həllində müsbət tendensiyaların işartısını gördükdə belə, bütün qüvvələrini səfərbər edir və həmin prosesinın qarşısını alırıdı. Bu məqsədlə arsenalında olan bütün ənənəvi təxribat üsullarından istifadə edir, bir çox hallarda hərbi avantüraya əl atırdı.
Fikrimizi əsalandırmağa çalışaq. Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev 2016-ci ilin 31 mart-1 aprel tarixlərində Vaşinqtonda keçirilən IV Beynəlxalq Nüvə Sammitində iştirakla bağlı ABŞ prezidenti Barak Obamadan dəvət almışdı. Azərbaycan nə nüvə dövlətidir, nə də ərazisində AES vardır. Bu dəvət ölkəmizin beynəlxalq təhlükəsizliyin təminatına verdiyi mühüm töhfələrlə bağlı idi və dövlətimizə olan böyük etimaddan qaynaqlanırdı. Səfər çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi çoxsaylı görüşlər, xüsusilə də ABŞ-ın Dövlət katibi Con Kerri və vitse-prezidenti Cozef Bayden ilə apardığı məhsuldar danışıqlar Ermənistanda şok effekti yaratmışdı. Düşmən ölkə Cozef Baydenin arasında artıq tarixə çevrilmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ərazi bütövlüyü və suverenlik prinsipləri çərçivəsində həlli ilə bağlı mövqeyini süngi ilə qarşılamışdı. Burada heç bir halda Ermənistanın daima əlində bayraq etdiyi xalqların öz müqəddəratını təyinetmə hüququndan söhbət getmirdi. Onu da xüsusi olaraq qeyd edək, əslində ABŞ-ın vitse-prezidentinin bu mövqeyi elə prezident Barak Obamanın mövqeyi kimi qiymətləndirilməlidir. Bir qədər də açıq desək, bu, ABŞ ali icra hakimiyyətinin mövqeyidir. Vitse-prezidentin ölkə konstitusiyasına görə, həm də Senatın rəhbəri olduğunu nəzərə alsaq, deməli, bu yanaşma həm də ABŞ-ın ali qanunverici hakimiyyətinin mövqeyi anlamındadır. Bu hadisə Ermənistanda günün günorta çağı "şimşək efekti" yaratdı. Rəsmi İrəvan bu vəziyyətin münaqişənin həlli prosesinə və deməli, status-kvonun dəyişməsinə gətirib çıxaracağından ehtiyatlanaraq, növbəti dəfə silahlı təxribat hərəkətlərinə əl atdı.
Əslində ermənilər yalnız milli ordumuzun mövqelərinə hücum etməyib, həm də beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozaraq mülki əhaliyə qarşı hərbi cinayətlər törədiblər. Təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələri, məcburi köçkün qəsəbələri də düşmən atəşinə məruz qalmışdı. Nəticədə, dinc sakinlər həlak olmuş, biri 13 yaşlı uşaq olmaqla, mülki vətəndaşlar yaralanmış, müxtəlif yaşayış məntəqələrində infrastruktur obyektləri, hətta təhsil müəssisələri zədələnmiş, çoxlu evlər dağıdılmış, əhalinin şəxsi təsərrüfatına və əmlakına xeyli ziyan dəymişdi".