“2016-cı ildə Ermənistan silahlı qüvvələrinin aprel avantürası onların məğlubedilməzliyi haqqında mifin bir neçə gün  ərzində Azərbaycanın şanlı ordusunun əks həmləsi ilə darmadağın edilməsinə gətirib çıxartdı. Bu qələbə Azərbaycan ordusunun hərbi texniki təchizatı və döyüş ruhunun ən yüksək səviyyədə olduğunu bütün dünyaya nümayiş etdirdi”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. 

Deputat qeyd edib ki, həmin döyüşlərdən sonra münaqişənin tənzimlənməsi prosesində Azərbaycanın hərbi üstünlüyü  təmin edildi: 

“Bu, bir həqiqətdir ki, Azərbaycan ordusu dünyada ən güclü 50 ordusu sırasındadır. Azərbaycanın milli hərbi sənaye kompleksi formalaşmışdır. Son illər ərzində ölkəmizdə 20 hərbi zavod tikilib istifadəyə verilmişdir. Bu zavodlarda 1200 adda hərbi təyinatlı məhsullar istehsal edilir. Bu məhsullar dünyanın müxtəlif ölkələrinə, o cümlədən Azərbaycanda keçirilən müdafiə sənayesi sərgilərində təqdim olunur və müsbət reaksiyalar doğurmaqdadır. Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, “Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır. Güclənən Azərbaycan və qüdrətli Azərbaycan Ordusu, qəhrəman Azərbaycan əsgəri onlar üçün daim qorxu mənbəyidir və bu qorxunu aradan qaldırmaq üçün, sadəcə olaraq, Ermənistan beynəlxalq hüquq normalarına əməl etməlidir və işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır”. Ermənistan tərəfi bu fikirlərə uzun müddət ərzində bir təbliğat kampaniyasının tərkib hissəsi kimi yanaşırdı. Elə bu məntiqlə də aprelin 1-dən 2-nə keçən gecə növbəti hərbi avantüraya əl atdı və layiqli cavabını aldı. Ermənistanın Azərbaycanla dövlət sərhəddində və qoşunların təmas xəttində törətdiyi növbəti hərbi insident Azərbaycan ordusunun qüdrətini və  sarsılmaz döyüş ruhunu, erməni ordusunun isə acizliyini və zəifliyini nümayiş etdirdi. Ən müasir hərbi texnika və silahlarla təhciz edilmiş, yüksək vətənpərvərlik ruhuna malik ordumuzun 4 gün ərzində düşməni əks-hücumu ilə darmadağın etməsi cənab Prezidentin yuxarıda qeyd olunan  fikirlərinin  tam həqiqəti əks etdirdiyini bir daha təsdiqlədi”.

Millət vəkilinin sözlərinə görə, Ali Baş Komandan İlham Əliyevin təcavüzkar Ermənistan dövlətinə qarşı tətbiq etdiyi dərinləşməkdə olan iqtisadi və nəqliyyat blokadası siyasəti, başqa sözlə, təcavüzkar ölkəyə münasibətdə istifadə olunan “taqətdənsalma taktikası” öz real nəticələrini verdi: 

“Ən mühüm nəticələrdən biri  və bəlkə də, birincisi Ermənistanda inqilabın baş verməsi və 20 ildir ki, bu ölkədə bərqərar olmuş xunta rejiminə son qoyulmasıdır. İnqilabi proseslərin dalğasında hakimiyyətə gəlmiş Nikol Paşinyan höküməti münaqişənin tənzimlənməsi istiqamətində sələflərinin buraxdığı kobud səhvlərdən nəticə çıxarmalı və konstruktiv davranış tərzi nümayiş etdirməli idi. Təəssüf ki, Nikol Paşinyanın münaqişənin həlli ilə bağlı davranışı onun yaxın tarixi keçmişdən müvafiq nəticələr çıxarmadığını təsdiqlədi. O, öz sələfləri kimi daxili auditoriyaya ünvanlanmış populist, məsuliyyətsiz, ziddiyyətli və bir çox hallarda avantürist bəyanatlar verməkdə davam etdi. Bu gün müzəffər Azərbaycan ordusu Ali  Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. Noyabr ayının 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabr ayının 10-da  Prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşiyanın imzaladığı  üçtərəfli bəyanat  regionda uzunmüddətli münaqişənin hərbi fazazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiyası aktı oldu. Noyabr ayının 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabr ayının 1-də isə Laçın rayonu  bir güllə belə atılmadan, bir nəfər şəhid belə vermədən işğaldan azad olundu. 8 Noyabr-Zəfər Günü xalqımızın qürur mənbəyinə çevrilmiş şanlı tarixdir. Həmin tarixin üç qəhrəmanı vardır: Müzəffər Ali baş Komandan, onun formalaşdırdığı yenilməz ordu və dəmir yumruğa çevrilmiş xalq. Bu reallıqda Prezident, ordu, xalq sözləri sinonimləşmiş, tarixi Zəfərin simvollarına çevrilmişdir”.скачать dle 12.1