Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.
O qeyd edib ki, Şuşa bəyannaməsinin imzalanması ilə Azərbaycan-Türkiyə münasibətləri özünün ən yüksək zirvəsinə qalxıb: “Əvvəllər də belə idi. Sadəcə, hüquqi baxımdan biz münasibətlərimizi artıq həm də strateji və hərbi müttəfiqlik səviyyəsinə qaldırmışıq. Bunu 44 günlük Vətən müharibəsi zamanı da gördük. Türkiyənin müharibə dövründə Azərbaycana göstərdiyi böyük siyasi və mənəvi dəstək unudulmazdır”.

İndi isə Azərbaycan Prezidenti cənab İlham Əliyev münasibətlərimizin yüksək səviyyəsinin göstəricisi olaraq Qara dənizin üzərində inşa edilən nəhəng layihənin – Rize-Artvin Hava Limanının açılışında iştirak edir. Hava limanının iki qardaş ölkə rəhbərinin – Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə açılışı Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu və ardıcıl inkişaf etdiyini nümayiş etdirir. Bu bir daha onu göstərir ki, həm dövlətlərimiz, həm rəhbərlərimiz, həm də xalqlarımız dost-qardaşdır”.
Elman Nəsirov qeyd edib ki, buradan bütün dünyaya ciddi mesajlar ünvanlanır. Bu mesajlar isə ondan ibarətdir ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır: “İstər xoş məqamda, istər çətin anlarda bu iki dost-qardaş ölkə bir-birinin yanındadır. Həmçinin, Azərbaycan-Türkiyə dostluğu həm də regional sülhə və təhlükəsizliyə xidmət edir. Regionda uzunmüddətli sülhün təminatı üçün çox böyük təsir imkanlarına malikdir”.