Mövzu ilə bağlı açıqlama verən millət vəkili Elman Nəsirov bildirib ki, hazırda dövlətlər arasında etimadsızlıq mühiti hökm sürməkdədir: “Bunun fonunda dövlətlərarası münasibətlər necə olmalıdır sualına cavab axtarsaq, Azərbaycan-Türkiyə münasibətlərini nümunə çəkə bilərik. Bu gün iki ölkə arasındakı münasibətlər özünün zirvə nöqtəsindədir. Dövlətlərimiz, xalqlarımız və Prezidentlərimiz arasında dostluq və qardaşlıq əlaqələri mövcuddur. Bu qardaşlığın təntənəsi bir il öncə – 2021-ci ilin 15 iyun tarixində özünün pik nöqtəsinə yüksəldi. Bizim Milli Qurtuluş günümüzdə Azərbaycan və Türkiyə liderləri tarixi bir sənədə – Şuşa Bəyənnaməsinə imza atdı. Azərbaycanın tarixi və azad şəhərində, Qarabağın incisi sayılan Şuşada bu sənədin imzalanması böyük tarixi əhəmiyyətə malikdir. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə arasındakı qardaşlıq, dostluq və tərəfdaşlıq münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəltdi. Əslində bizim münasibətlərimiz həmin səviyyədə idi. Lakin bu sənədin imzalanması münasibətləri hüquqi baxımdan tənzimlədi. Bəyannamənin müvafiq bəndinə görə, Azərbaycan və Türkiyə həm də hərbi müttəfiqə çevrildi. Belə ki, ölkəmizə qarşı üçüncü dövlətin təhdidi və ya təcavüzü baş versə, qardaş Türkiyə Azərbaycanın yanında olacaq. Türkiyəyə münasibətdə rəsmi Bakı da eyni analoji addımı atacaq. Bizim münasibətlərimiz həm siyasi, həm iqtisadi, həm də hərbi müttəfiqlik üzərində qurulub”.

Millət vəkili əlavə edib ki, Şuşa Bəyannaməsinin 15 iyun tarixində imzalanmasının böyük rəmzi mənası var: “Çünki həmin tarix Qurtuluş Gününə təsadüf edir. Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan dövləti anarxiya və xaosdan xilas oldu. Qurtuluş Günündən tarixi Zəfərə gedən yolun əsası məhz bu cür qoyulub. Biz Azərbaycan və Türkiyə münasibətlərinin strateji və hərbi müttəfiqlik səviyyəsinə yüksəldiyini fəxrlə qeyd edirik. Bu, təkcə iki dövlət üçün deyil, həm də region üçün çox əhəmiyyətlidir. Çünki regionda davamlı, dayanıqlı və uzunmüddətli sülhün, eləcə də təhlükəsizlik mühitinin formalaşması bu müttəfiqlik əlaqələrindən birbaşa asılıdır. Hesab edirəm ki, Şuşa Bəyannaməsinin imzalanmasından bir il keçdikdən sonra , bu gün biz Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz və əbədi olduğunu fəxrlə dilə gətiririk. Kimlərinsə bu dostluğun və qardaşlığın pozulması üçün çalışması boş və mənasız işdən başqa bir şey deyil”.Elman Nəsirov Şuşa Bəyannaməsinin imzalanması ilə dünyaya verilən mesajlardan da söz açıb: “Bu tarixi sənəd dünyaya Azərbaycan və Türkiyənin müttəfiq olduğunu bir daha göstərdi. Bəyannamə ilə Azərbaycana qarşı hazırlanan çirkli planların heç vaxt həyata keçməyəcəyi təsdiqləndi. Çünki Şuşa Bəyannaməsi Azərbaycanın yalnız deyil, Türkiyə kimi güclü bir müttəfiqinin olduğunu dünyaya sübut etdi. Bu, 44 günlük Vətən Müharibəsində də öz əksini tapdı. Eyni zamanda Qarabağda azad edilən ərazilərin bərpasında və yenidən qurulmasında Türkiyə ölkəmizə hər cür dəstək verir. Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan və Türkiyə hərbi-strateji müttəfiqliyi heç bir halda üçüncü dövlətə qarşı yönəlməyib. Əksinə bu müttəfiqlik regionda sülh və əminamanlığın təmin olunmasına xidmət edir. Ancaq kimlərsə bu sülhə və qardaşlığa xəbis gözlərlə baxsa, o zaman qarşılarında Azərbaycan və Türkiyəni görəcəklər”.