
Daha sonra narazı vətəndaş yazır: "Hər dəfə onsuz da "Birbank"da ödəniş edəndən sonra günlər keçməsinə baxmayaraq ödənişin verməli olduğu bonus ürəklər balansa oturmur. Hər dəfə mən çata yazıb operatordan tələb edirəm ondan sonra bonuslar əlavə olunur. Hələ ilk dəfə yazanda Kamran adlı əməkdaş mənə "bonuslar yüklənib, yaxşı yoxlayın" deyərək məni səhv çıxarmağa çalışmışdı. Amma tarixçə hissəsində baxdım ki, indi mən yazandan sonra yüklənib, tarix 2 dəqiqə əvvəli göstərirdi. Daha yazanda üzü gəlmir səhv çıxarmaq cəhdləri eləməyə, dinməz söyləməz bonusları əlavə edir. Bir az da mehribanlaşsaq evə çaya dəvət edəcəm Kamran bəyi.

Əslində bu hadisələr hələ mən "Birkart Umico" taksit kartını əldən etdiyim andan başlayıb. Kartı filialdan götürdükdə pin kod sms olaraq nömrəmə gəlmədiyinə görə mənə kartı bankomata salıb pin kod təyin etməli olduğumu dedilər. Bankomat da "dakika bir, gol 1" məndən 1 manat tutdu. Yenə insafa gəlib sonradan qaytardılar, nə qədər səhvlərini etiraf etməsələr də. Ya siftə, başlamışdım kartdan aktiv istifadə etməyə ki, Birbankda yaranmış problemə görə ödəyə bilmədiyim kredit borcuma faiz hesablanmağa başladı. Bank qapılarını üzünə bağlayır ki, işləmirəm, amma deyir borcunu ödə yoxsa faiz gəlir borcuna.
"Öldürməyən gücləndirir" prinsipiylə irəliləyib indi də gəlib ilişmişəm ƏDV debet kartında. Soruşanda ki, mən bu kartla ödəniş etməyimə baxmayaraq niyə bəzi ədv məbləğləri 2x bəziləri 1x olaraq hesablanır? Kamran bəyin bu dəfəki cavabı isə "ədv məbləği 30 gün içində yüklənəcək" oldu. Təkrardan "ay qardaş , bu onsuz da 30 günə yüklənir də, özün 30 günə mislini də bir 30 günə yükləyirsiz? 60 gün? Niyə, bu yazıq çekin günahı nədir, digərlərindən fərqi nədir?" deyə soruşanda Kamran bəy qəfil başa düşür ki, bu işdə bir tərslik var və nömrəmi soruşub aidiyyəti şöbəyə yönləndirmək qərarına gəlir. Kamran bəyə o qədər nömrəmi yazmışam ki, indiyə qədər artıq özümü "Zəhər tuluğu" filmində küçədə nömrə verən obraz kimi hiss edirəm. "Yaz, plus 994"..."