Bakının Bayraq Meydanında yenə dünyanın ən hündür bayraq dirəyi quraşdırılacaq.
Yerli mətbuatda yazılanlara görə, Türkiyənin «Çimtaş» şirkəti tərəfindən hazırlanan 191 metrlik bayraq dirəyi artıq Azərbaycana gətirilib.
2010-cu ildə Azərbaycanda Ginnes rekord kitabına düşən bayraq dirəyi quraşdırılmışdı, lakin onun ömrü uzun olmadı. 2018-ci ildə Bayraq meydanında bayraq dirəyinin sökülüb. Rəsmilərin sözlərinə görə, dirəyin sökülməsi küləyə davamlılıqda nöqsanların üzə çıxması ilə bağlı olub.
Bəs indiki layihə layihə Azərbaycana neçəyə başa gələcək? Belə layihələr Azerbaycan üçün nə qədər vacibdir?
Türkiyə mediasının yazdığına görə, istehsalı 2021-ci ilin sentyabrında başlanan Bayraq Meydanında quraşdırılacaq dirək əsasından yuxarıya qədər diametri 5,7 metrdən 2 metrə qədər, çəkisi 230 ton ilə 13 ton arasında olan 9 polad konusvari boru seqmentindən və yuxarıda yerləşdiriləcək fırlanan seqmentdən ibarətdir.
Əvvəlki bayraq dirəyinin hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metr olub. Qurğunun ümumi kütləsi 220 ton idi. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqram olub.
İndiki layihəyə ayrılan vəsaitin məbləği açıqlanmasa da, ömrü 8 il çəkən komleksə 20 milyon manat prezidentin Ehtiyat Fondundan, 10 milyon manatı isə birbaşa dövlət büdcəsindən ayrılıb.
Milli Məclisin deputatı Elman Nəsirov Turana bildirib ki, dövlətin dünyada imic məsələləri var. «Elə tikililər var ki, onlar həm simvollaşır, həm də dövlətin gücünün, potensialının bir ifadəsinə çevrilir».
Deputatın fikrincə, istənilən atılan yeni addım cəmiyyətdə birmənalı qarşılanmır. «Dəstəkləyən, bəyənənlər də olur. Mən xaricdə təhsil alan tələbələrimizlə söhbət edəndə, onlar söyləyirlər ki, xaricilər onlara Alov qüllələri barədə suallar verirlər, çox gözəl olduğunu deyirlər. Alov qüllələri Bakının simvollarından birinə çevrilib. Bu cür layihələri dəstəkləməyənlər da var, deyirlər ki, ora müəyyən xərclər çəkilib. Amma bir şey bilmək lazımdır ki, xərc çəkilir və bu millətə, xalqa qalır, simvola çevrilir, Bakımızı daha da gözəlləşdirir».
Həmin xərclərin sosialyönümlü məsələlərə yönəldilməsi təklifinə münasibət bildirən deputat qeyd edib ki, 2022-ci ilin dövlət büdcəsi sosialyönümlüdür. «Onun sosial yönümü 46,4 faizdir. Hələ pandemiya dövrü bitməyib və belə olan vəziyyətdə büdcənin 46,4 faizi sosialyönümlüdürsə bu bir daha onu göstərir ki, dövlətin siyasəti sosial siyasətdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin yeritdiyi siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı və təhlükəsizliyi dayanır. Hər dəfə pensiyalar, maaşlar, müavinətlər qalxır, şəhid ailələrinə, qazilərimizə, müharibə iştirakçılarına diqqət ən yüksək səviyyədədir».
İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda Bayraq Meydanı ilk dəfə hazırlanarkən texniki qüsurlar, mühəndis səhvləri var idi və həmin qüsurlara görə bayraq dirəyi yerində qala bilmədi. «Buna görə bərkitmə və təmir işləri aparıldı. Yəni, Bayraq Meydanını ikinci dəfə ərsəyə gətirilməsi, bayraq dirəyinin alınması, quraşdırılması üçün ilk ayrılan vəsaitdən daha böyük vəsait tələb olunması aydındır. Çünki uzun zaman bərkitmə işləri aparıldı və bu da böyük maliyyə vəsaiti tələb edirdi».
Ekspertin fikrincə, söhbət on milyonlarla manatdan getdiyi dəqiqdir. «Bunu açıqlamağa borcludular. Çünki bu, dövlət vəsaiti hesabına tikilən obyektdir».
Onun sözlərinə görə, ən hündür bina, ən hündür bayraq dirəyi kimi məsələlər turist cəlb etmək üçün atılan addımlardır. «Amma burada bir məntiq olmalıdır. Əgər ölkədə quru sərhədlər bağlıdırsa, aviabiletlərin qiyməti çox bahadırsa və ölkəyə gələn turistlərin sayında ciddi artım olmursa bu tipli layihələrin mənası da qalmır. Ona görə də bu tipli layihələrin olması ictimai müzakirələr çərçivəsində olsa daha yaxşı olar, şəffaf xərcləmələrin açıqlaması daha yaxşı olar və bu kompleks şəkildə olmalıdır».скачать dle 12.1