Son günlər koronavirusa yoluxanların sayında nəzərəçarpan artım müşahidə edilsə də, insanların bu xəstəliyə əvvəlki qədər ciddi yanaşmadığı açıq şəkildə hiss edilir. Əvvəlki dövrlərdən fərqli olaraq xəstələr evlərində müalicə olunmağa üstünlük verirlər. Əksəriyyət çox zaman həkim məsləhətinə belə lüzum görməyərək əvvəllər koronavirusa yoluxmuş hər hansı bir şəxsin reseptindən istifadə edir. Digər tərəfdən insanlar təcrid prosesinə də məhəl qoymurlar. Belə ki, Daxili İşlər Nazirliyi hər gün koronaviruslu xəstələrin ictimai yerlərdə olması ilə bağlı məlumat paylaşır.
Maraqlıdır, insanlardakı bu rahatlığın səbəbi nədir?
Məsələ ilə bağlı açıqlama verən terapevt Rasif Bağırov bildirib ki, hazırda hətta özündə koronavirusun simptomlarını hiss edən xəstələr belə yoxlamadan yayınırlar:
“Çünki yoxlama olsa, təcrid olunmalıdırlar. İkinici bir tərəfdən poliklinikalar özləri xəstələrin lazımi səviyyədə təcrid olunub-olunmamasına nəzarət eləmir. Bir neçə şəxs mənə deyib ki, gəlib onlardan analiz götürürlər, cavabın üç gün sonra çıxacağını bildirib gedirlər. Bu xəstə üç gün ərzində gəzir və ona heç yerə getməməli olduğunu deyən yoxdur. Üç gün sonra gəlib şəxsə dərman verirlər, bundan sonra da bir adam gəlib baxmır ki, xəstə karantin qaydalarına əməl edir, ya yox?! Yəni  bu işlərə cavabdeh olan şəxslərin yanaşması hələ belədir”.
Həkim qeyd edib ki, el arasında çoxbilmiş xəstələr var ki, onlar müalicəni özləri həyata keçirməyə cəhd edir:
“Görürsən ki, bəziləri müəyyən narahatlıq hiss etdikdə həkimlərlə kontakta girirlər və koronavirus olub-olmadıqlarını müəyyənləşdirirlər. Vəziyyəti öyrəndikdə isə özlərini müayinə etməyə başlayırlar. Heç onlar müalicə etməsələr də, ətraflarında çoxlu sayda  orta tibb işçisi var ki, bu dəqiqə güclü şəkildə koronavirusun müalicəsilə məşğuldur. Mənə bir xəstə müraciət etmişdi. Onun dediyinə görə, məhəllələrində hamı sistem qoşdurur. Yəni orta tibb işçiləri TƏBİB-in tətbiq etdiyi prosesi öyrənib ondan istifadə edirlər”.
Həmsöhbətimiz vurğulayıb ki, yoluxmadan xəbərdar olduqları halda özlərini təcrid etməyənlər də var. Çünki insanlarda məsuliyyət hiss yoxdur:
“Həmçinin əvvəlki dövrdən fərqli olaraq indi qorxu hissi də yoxdur. Ona görə də rahatlıqla camaat arasında gəzib yoluxdururlar. Nəticədə yoluxanlar da başqalarını yoluxdurur, beləliklə, say artır. Gənclərdə, adətən, ağır fəsadları olmadığına görə insanlar ona adi bir qrip kimi baxırlar. Sadəcə yaşı 40-dan yuxarı olan şəxslər ağciyərlərində ciddi fəsadlar olanda onlar qorxuya düşürlər və müəyyən prosedurlara əməl edirlər. Amma cavan adamlar vitamin qəbul etməklə məsələni həll etməyə çalışırlar. Ona görə də aidiyyəti orqanlara müraciət edənlərin sayı az olur”.скачать dle 12.1