Binəqədi məhkəməsinin sədri Araz Kazımov və hakim Səadət  Səlimova hüquq təhsili olmadığı halda necə vəzifədə işləyiblər?


Məhkəmə-hüquq sistemindəki  neqativ hallar bu gün hamını düşündürür. 
Hətta Milli Məclisin iclaslarının birində millət vəkillərindən biri parlamentin  tribunasından bildirdi ki, məhkəmə-hüquq  sistemindəki vəziyyət fəlakət həddindədir. Bəli, bu gün məhkəmələrdə neqativ hallar baş alıb gedir. 
Belə məhkəmələrdən biri də Binəqədi rayon məhkəməsidir. 
Məhkəmənin sədri Araz Kazımovun tərcümeyi-halından bəlli olur ki, 1958-ci ildə doğulub, 1984-cü ildə, yəni  26 yaşında  ADU-nun hüquq fakültəsini bitirib.
Təəcüblü odur ki,  Araz Kazımov 1975-ci ildən, yəni ali təhsili olmadığı, hətta tələbə olmadığı  halda Daxili İşlər Nazirliyinin 10 saylı İslah-Əmək Müəssisəsində Xüsusi şöbənin inspektoru, baş inspektor işləyib. 
Görəsən yenicə orta məktəbi bitirən yeniyetmə məsuliyyətli bir sahədə necə inspektor  işləyib ? 
Sonradan Bakı Şəhəri Əzizbəyov (indi Xəzər) Rayon Məhkəməsinin hakimi, həmən rayonda məhkəmənin sədri olub. 2007 – 2012-ci illərdə  Suraxanı Rayon Məhkəməsinin sədri, 2012 – 2017-ci illərdə Qaradağ Rayon Məhkəməsinin sədri olub. Hazırda Binəqədi Rayon Məhkəməsinin sədridir. 
Ancaq yenə məlum olmur ki, bu adam heç bir təhsili olmadığı halda necə inspektor işləyib. 
Araz Kazımov  Suraxanı məhkəməsinin sədri olduğu üçün, həyat yoldaşı İradə Kazımovanı da Suraxanı ZAQS-a müdir təyin etdirib. 
Yuxarıda qeyd etdik ki, Araz Kazımov Xəzər rayonunda da məhkəmənin sədri olub. Və yenə öz  imkanlarını işə salaraq  oğlu Ayxan Kazımovu Xəzər rayon prokurorluğunda müstəntiq təyin etdirib. 
Bir sözlə, ata məhkəmə sədri, ana ZAQS-ın müdiri, oğul müstəntiq.  
Araz  Kazımovun rəhbərlik etdiyi Binəqədi rayon məhkəməsində də qanunsuzluqlar, hakimlərin ədalətsizliyi  adi hal alıb. 
Belə hakimlərdən biri də Binəqədi rayon məhkəməsinin hakimi Səadət  Səlimovadır. 
1970-ci ildə Neftçalada anadan olan  Səlimova 1993-cü ildə  BDU-nun hüquq fakültəsinə daxil olub. Amma…
Amması odur ki, orta məktəbi bitirən, hətta tələbə olmayan  Səadət Səlimova da  18 yaşında Çəllək zavodunda  hüquqşünas işləyib. 
Yenə sual olur ki, ay adam, sənin heç bir təhsilin  olmadığı halda zavodda necə hüquqşünas  işləmisən ? 
Anası tib bacısı, atası mantyor, yəni işıq pulu yığan Səadət  Səlimova  sonrakı illərdə Xətai rayon məhkəməsinin sədri olub. Və hazırda Binəqədi rayon məhkəməsinin hakimidir. 
Sədrin və hakimin qısa tərcümeyi-halı məhkəmə sistemindəki vəziyyət açıq-aydın göstərir. Qalanı təfərrüatdır. /Gundelik-baku.com/скачать dle 12.1