AXC tariximizin ən şanlı səhifələrindən biridir. 1918-ci il 28 mayda Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş,müsəlman Şərqində ilk parlamentli respublika olan AXC qurulmuşdur.Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişimizin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmısdır.
AXC məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda,IX əsrin axırları XX əsrin əvvəlində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.
Rusiyada çarizmin süqutundan sonra bolşeviklərin hakimiyyətə gəlməsi ilə mürəkkəb geosiyasi vəziyyət yarandı.
Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə marağının artması şəraitində Azərbaycanın tərəqqipərvər siyasi elitası müstəqil milli dövlətçilik yaradılması naminə birləşdi.
Yeni qurulan AXC öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana-dili dövlət dili elan edildi. Dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı. Milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu. Maarif və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk Universiteti təsis olundu.Təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan,ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. İlk günlərdən AXC bütün ölkə vətəndaşlarına eyni hüquqları verən, irqi, milli, dini bərabərsizliyi ortadan qaldırdı.
AXC Sovet Rusiyası tərəfindən təcavüzə məruz qaldı. Lakin AXC-nin şüarlarda, bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlamağı bildi.
Müasir dünyanın reallıqları fonunda 1918-1920-ci illərin təcrübəsindən bu gün də istifadə edilir. 1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi ilə bağlı, 1918-1920-ci illərdə fəaliyyət göstərmiş parlamentin, hökumətin və xarici işlər nazirliyinin sənədlərinin Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə nəşr edilməsi bunun aydın təzahürü idi.
Bugünkü Azərbaycan Respublikası məhz Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından ötən 100 il ərzində dünyada ciddi dəyişikliklər baş vermiş,beynəlxalq münasibətlərdə demokratizm meylləri güclənmişdir. Əgər Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlətin tanınması biraz vaxt aparmışdısa bugünkü Azərbaycan Respublikasının tanınması bir neçə həftənin içində bitmişdi. Hazırda Azərbaycan dünya ölkələri arasında öz sözünü demiş, Cənubi Qafqaz respublikaları arasında birinciliyini sübut etmiş bir dövlətdir. Bu gün Azərbaycan beynəlxalq münasibətlər sisteminə daxil olmuş, transmilli lahiyələrin keçirilməsində öz yerini tutmuşdur.
2018-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili tamam oldu.
Ümummilli Lider H.Əliyevin respublikada uğurla gərçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi.
Azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi yaxın gələcəkdə həqiqətə çevrilməsinə zəmin yaratdı.
1991-ci ildə müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi.
AXC-nin siyasi və mənəvi varisi olmaqla 3 rəngli bayrağını, gerbini, himnini qəbul etdi. 28 may həmin vaxtdan etibarən Respublika günü olaraq təntənə ilə qeyd olunur.



Z.Q. Əsgərova
AzMİU-nin “İctimai fənlər” kafedrasının dosenti,
fəlsəfə üzrə fəlsəfə doktoru.
скачать dle 12.1