Masallıda kompüterləri kimlər oğurlamışdı və rəis niyə susdu..?
Hər gün ölkəmizdə xeyli vəzifələr boşalır, kimlərsə işdən azad edilir, kimlərsə…
Əlbəttə, boş qalan vəzifələrə kimlərinsə təyin olunmaq istəyi başa düşüləndir. Burada qəbahət bir şey yoxdur. Amma…
Əmması odur ki, bəziləri unudur ki, elə vəzifələr var ki, ora təyinat cənab Prezidentin, ya da cənab Nazirin müstəsna səlahiyyətində olan məsələdir.
Digər tərəfdən hər hansı bir mühüm vəzifəyə təyinat üçün müəyyən kriteriyalar da uyğun gəlməlidir.
Yəni yüksək vəzifəyə təyinat kiminsə istəyi, xəyalı ilə bağlı məsələ deyil.
Sözün qısası, məlumdur ki, bir müddət əvvəl cənab daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə general-mayor, Nəqliyyatda Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərildi.
Və bundan istifadə edən bəzilər fürsət güdürmüş kimi təcili öz adlarını bu vəzifədə hallandırmağa başladılar.
Belələrindən biri də polkovnik Nəriman İmanovdur.
Nəriman İmanov kimdir ?
Məlumat üçün qeyd edək ki, Nəriman İmanov vaxtilə Nərimanov RPİ-nin, Masallı RPŞ-nin, Sumqayıt ŞPİ-nin və Gəncə ŞBPİ-nin rəisi olub.
Və 1 ildir ki, Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavinidir.
Bu adam haqqında zaman-zaman mətbuatda xəbərlər yayılır.
Və hər dəfə susaraq fikir bildirmir.
Məsələn Nəriman İmanov Masallı RPŞ-nin rəisi işləyərkən qurumdan xeyli sayda kompüter oğurlanaraq satılmışdı. Bu əsl rüsvayçılıq idi. Görəsən, Nəriman İmanov nə üçün bu məsələdə səsini çıxarmadı ?
Belə faktlar onlarladır.
Gündəlik-Bakıya daxil olan məlumata görə, Nəriman İmanov vaxtilə Azərbaycan Xalq Cəbhəsinin fanatik üzvlərindən biri olub, sonradan sabiq daxili işlər naziri İsgəndər Həmidovun “Boz Qurd” partiyasında təmsil olunub. Sonradan düşərgəsini dəyişib.
Nəriman İmanov Masallıda polis rəisi işləyərkən rayonda özü üçün böyük biznes şəbəkəsi yaradıb. Küçə ticarətini ələ keçirərək külli miqdarda pul qazanıb.
Bu gün Masallıda Nəriman İmanovun xeyli sayda ticarət, ictimai-iaşə obyektləri və torpaq sahələri var.
Bütün bunlar azmış kimi, Nəriman İmanov Sumqayıt şəhərində polis rəisi olarkən, şəhərdə xeyli sayda obyekti qanunsuz olaraq özəlləşdirib.
Bu gün Sumqayıt şəhərində Nəriman İmanovun geniş biznes şəbəkəsinin olduğu söylənilir. Bəzi mənbələrdə o da bildirilir ki, Nəriman İmanov Sumqayıtda polis rəisi işləyərkən öz qulluq mövqeyindən sui-istifadə edərək, bir çox torpaqları zəbt etmişdir. Bu başqa bir yazının mövzusudur.
Sözün qısası, bu gün Nəqliyyatda Baş Polis İdarəsinin rəisi olmağa çalışanların sayı onlarladır. Bunlardan biri də Nəriman İmanovdur.
Əldə etdiyimiz məlumatlara görə, Nəriman İmanov özünü həmin idarənin rəisi kimi görür. Bəzi mənbələrin bildirdiyinə görə, hətta Nəriman İmanov işçiləri rəisə məxsus otaqda qəbul edir.
Amma istək-arzu başqa şeydir, bəs reallıq necədir? Reallıq Nazirin əmrindən sonra olur.
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq. /Gundelik-baku.com/