Qumarın buynuzu olur, cənablar ? 

Azərbaycandan mərc oyunlarının  qara bazarı kimlərin əlindədir ? 

“Topaz”  vergidən nə qədər yayınır ? 

Məlumdur imkanlı  şəxslərimiz qumar oynamaq üçün Gürcüstana  gedir…

Bunun qarşısını necə almalı…? 


İki  gün öncə  Baş Prokurorluq qanunsuz mərc oyunları ilə bağlı vətəndaşlara xəbərdarlıq etdi. 
Biz isə, Gündəlik-Bakı olaraq  xeyli müddətdir  yazırıq ki, mərc oyunları təşkil edən  bukmeyker şirkətləri  cəmiyyətimiz üçün ciddi problemlər yaradırlar. 
Məlumdur ki, Azərbaycanda  neçə ildir ki, kazino və qumarxanalar  ləğv edilib. Amma…
Əmması odur ki, bukmeyker adı altında ölkə daxilində və xaricdən xeyli  qumarxanalar online  qaydada idman mərc oyunları keçirirlər. 
Biz yazanda isə deyirlər ki, bu qumar deyil…
Bəs nədir, cənablar, qumarın buynuzu olur…?
Ötən yazımızda “Mostbet” bukmeyker şirkətinin Azərbaycandan milyonlar daşımasından və 1 manat vergi ödəməməsindən yazmışdıq. 
Bir tərəfi  ermənilərə bağlı olan bu şirkət Rusiyadan 63 milyard rubl aparıb. 
Bəs görəsən Azərbaycandan nə qədər aparıb? 
Bu şirkətin hüquqi ünvanı Kiprdə, Nikosiya şəhərində yerləşir, daha çox ermənilərin dostu olan yunanlar işlədir. 93 ölkədə fəaliyyət göstərir, dünyada 1 milyon üzərində müştəri sayı var, öz saytı var, telefon nömrəsi, Email və sosial şəbəkələr vasitəsilə qeydiyyatdan keçmək olur. 
Bu mərc oyunları şirkəti  Azərbaycandan da hər ay milyonları daşıyıb aparır. Amma Azərbaycan dövlətinə nəinki 1 manat, heç 1 qəpik də  vergi ödəmir. 
Əksinə vətəndaşlarımızın cibinə girir, onları müflis edir, hətta ailələrini dağıdır...
Mosbet-in qurbanı olan vətəndaşlarımızdan biri yazır ki, idman oyunu üçün pul qoydum, sabahı günü hesabım bloklandı və qoyduğum böyük məbləğ əlimdən çıxdı. 
Və şirkətə nə qədər müraciət etsəm də faydası olmadı, hətta onlar mənə cavab vermədi. 
Belə aldanmış həmvətənlərimiz minlərlədir. 
Təsəvvür edirsiniz bu şirkətin ölkəmizdə lisenziyası yoxdur. Amma…
Əmması odur ki, lisenziyasız və vergi ödəmədən çalışan “Mostbet” bukmeker kontorları qeyri-leqal, qanunsuz mərc oyunları təşkil etməklə külli miqdarda ölkəmizdə pul qazanır.
Əslində “Mostbet” kimi qumar şirkətlərin ofşor zonalarda qeydiyyatdan keçməsinin konkret səbəbləri var. 
Malta, Cənubi Kipr kimi ofşor zonalarda qeydiyyatdan keçən bukmeyker kontorları bu ölkələrin vergi qanunvericiliyindəki boşluqdan yararlanır, fəaliyyət dairəsini isə dünyanın bütün ölkələrinə yayırlar.
“Mosbet”dən başqa  “ 1XBET ”   bukmeyker şirkəti də  ölkəmizdə  əməlli-başlı  özünə baza yaradıb. 
Şirkətin öz saytı var və orada qeyd olunur ki, həvəskarlar  sayta daxil olub, hər hansı idman yarışına “stavka” edə, pul yatıra, uduşunu götürə bilər. 
Sözün qısası, şirkət  saytda özünü əməlli-başlı reklam edir və özünü  guya Şərqi Avropa ölkələrində və Avropa bazarında qətiyyətlə lider hesab edir. 
1xBet oyunçularının sayı daim artır, şirkətin özü isə dünya bukmekerlərinin reytinqində mövqeyini daim gücləndirir.
Şirkətin saytında qeyd olunur ki, guya yüksək əmsallara, ödənişə tam təminat verirlər. 
Şirkətə  təkcə kompüterlər vasitəsilə deyil, həm də mobil versiya ilə daxil olmaq olar. 
Oyuna istənilən milli valyuta ilə daxil olmağa imkan var. Və udulmuş  pulun çıxarılması 15 dəqiqə çəkir. 
Bəs görək, əslində vəziyyət necədir ? 
İstifadəçi yazır ki, 3 GÜNDÜR UDUŞU ÇIXARA BİLMİRƏM...
Görəsən, şirkətin rəhbərliyinin dediyi 15 dəqiqə harada qaldı ? 
Nə üçün istifadəçi öz pulunu 3 gün müddətində çıxara bilməsin ? 
Bunun harası oldu Avropa lideri olan şirkət ? 
Bütün bunlar azmış kimi digər istifadəçi yazır ki, 2 gündür şirkətin OPERATORU CAVAB VERMİR...
Cavab verəndə də adamı elə bil qoyun yerinə qoyur...
Bütün bunlar azmış kimi, qısa bir araşdırma zamanı gördük ki, bu şirkət, ümumiyyətlə, Rusiyada qadağan olunub və Rusiya İstintaq Komitəsi şirkətə qarşı cinayət işi açıb. 
Sonra araşdırma zamanı bəlli oldu ki, digər ölkələr də bu şirkətin  fəaliyyətini qadağan edib. Onu da bildirək ki, 1XBET şirkəti  ölkəmizdə qeyri-qanuni yolla internet üzərindən fəaliyyət göstərir. Bu isə o deməkdir ki, 1XBET bukmeyker kontoru vasitəsi ilə mərc edənlərin uduşunun yüz faizli təminatı yoxdur. Belə olan halda, itirən və aldadılan tərəf yalnız müştəridir. İş burasındadır ki, bu mərc şirkətinin Azərbaycanda heç ofisi də yoxdur! 
Təsəvvür edirsiniz, şikayətçilər müraciət etməyə ofis tapmırlar. 
Bütün bunları  yazdıq. Amma o da bəllidir ki, Azərbaycanda mərc oyunlarının qara bazarı var. Və orada milyonlar  dövr edir. 
Bu oyunların  nəticəsi olaraq  Azərbaycandan ildə 100 milyonlarla  manat çıxarılır. 
Görəsən iqtisadçı ekspertlər  niyə hesablamır ki, hər il Azərbaycan vətəndaşları online mərc oyunlarında nə qədər pul uduzur?
Ümumiyyətlə, mərc oyunlarında TOPAZ-ın payı nə qədərdir ? 
Bəzi məlumatlara görə, TOPAZ-ın mərc oyunlarında payı 300 milyon manatdan çoxdur. 
Bəs görəsən, TOPAZ  nə qədər vergi ödəyir..? 
Məlumdur imkanlı  şəxslərimiz qumar oynamaq üçün Gürcüstana  gedirlər. 
Bunun qarşısını necə almalı..? 
Çıxış yolu nədir ? 
Bu barədə  ciddi düşünməyin vaxtı çoxdan çatıb.
Siyahını dərc etməyin zamanıdır. /Gundelik-baku.com/скачать dle 12.1