Yeri gəldi-gəlmədi deyirik ki, yurdumuz  Odlar Yurdudur, neft-qaz ölkəsiyik, dünyanın az qala yarısına qaz satırıq, hətta erməni kilsəsinə də qaz  veririk  və s.
Amma özümüz  qazsız qalmışıq. Söhbət hansısa ucqar dağ kəndindən getmir e, Bakı, Gəncə kimi şəhərlərdən gedir.
Bəli, cəmi 2-cə gün qar yağdı, Bakıda, Gəncədə qaz kəsildi, işıq söndü, transformator partladı, su turbaları dondu...
Görəsən,  bunun üçün məsuliyyət daşıyan qurumlar, rəhbər şəxslər nə düşünür. 
Bu yazıda məhz qazdan bəsh edəcəyik. Növbəti yazıda isə, işıqdan və sudan.
Axı, necə qaz ölkəsiyik ki, azca qar yağan kimi qaz kəsilir. Gələndə isə  şam kimi yanır. Bir çaydan 1 saata qaynayır. Bu necə  qazdır ? Əgər  evi isitmirsə, bu qaz nəyə lazımdır ?  
Camaat deyir ki, Azəriqaz-ın rəhbərliyi qaz əvəzinə hava vurur turbalara. Belə də iş olar ? 
Qazı kəsirlər, sonra verəndə partlayış olur. Biz hələ dəm qazından boğulanları demirik. 
Rusiyada olanlar bilir ki, ilin az qala yarısı qar yağır, 20-30 dərəcə şaxta olur. Bəs orda niyə qaz kəsilmir, qaz şam kimi gəlmir. 
Deməli, qurumun rəhbərliyi yerində deyil. 
Gəncədən ( konkret  olaraq N.Nərimanov küçəsinin sakinləri ) zəng vurub xahiş edirlər ki, dərdimizi  Azəriqaz-ın rəhbərliyinə çatdırın, evimizdə  donuruq, qaz kəsilib, gələndə isə  şam kimi közərir. Evlərdə körpə uşaqlar var, yaşlı xəstə adamlar var. 
Üzümüzü tuturuq  “Azəriqaz” İstehsalat Brliyinin baş  direktoru Ruslan Əliyevə.
Ruslan Əliyev, az müddət əvvəl ermənilər  Gəncəni  bombalayanda  Azərişıq-ın rəhbəri ilə Gəncədə oldunuz. Bu problemləri görmədiniz ? 
Bəs  nəyə getmişdiniz  Gəncə şəhərinə ? 
Gəncəlilər  bir neçə ay əvvəl  erməni raketlərinə   sinə gərdilər. İndi də sizin zülmünüzə dözməlidir?
Necə olur  nazirlərin, deputatların istixanalarına ( parnik ) qaz verilir, amma yazıq camaat soyuqdan evində donur.
Cənab Ruslan Əliyev ! 
İki ay əvvəl  keçmiş sosial müdafiə naziri  Səlim Müslümovun ( onda hələ həbs olunmamışdı ) istixanalarının quruma yüz min manat qaz  borcu olduğu  ortaya çıxdı. 
Qazinin, şəhid ailəsinin 1 manat borcu olan kimi qaz kəsilir. Bəs niyə deputatların, nazirlərin qazı kəsilmir..? 
Cənab Ruslan Əliyev ! 
Deyə bilərsiz ki, mən təzə baş direktor təyin olunmuşam, problemlər məndən əvvəl və s...
Siz  5 il, 2015-2019-cu illərdə Azəriqaz-ın baş direktoru Əkbər Hacıyevin satış üzrə müavini olmusuz. Bilmirsiz keçmiş direktor milyonları necə qazanıb ?
 
Bilmirsiz, Əkbər Hacıyev kimin qohumu idi ? 
Bəsdirin...Sizdən əvvəl də Azəriqaz-ın bir baş direktoru var idi: Əlixan Məlikov. Qardaşı da toylarda  qarmonçalan Fəxrəddin Məlikov. Sonradan Fəxrəddin Məlikov Kürdəmirin icra  başçısı oldu. 
Həmin vaxtlar həmkarlarımızdan biri yazırdı: Qaz ver, Əlixan Məlikov, qaz ver..
İndi həmin müraciəti  xalq sizə ünvanlayır: 
Qaz ver, Ruslan Əliyev, qaz ver, soyuqdan qırıldıq..скачать dle 12.1