Sosial şəbəkədə özəl klinikalara icbari tibbi sığorta ilə göndərişlərin verilməsinin dayandırılmasına dair məlumat yayılıb.

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Agentliyin 30 noyabr 2023-cü il tarixli 34 nömrəli Qərarına əsasən “İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqələrinin verilməsi Qaydası”nda dəyişiklik edilib:

"Əsas dəyişiklik vətəndaşların vaxt, maliyyə vəsaiti itirmədən öz yaşadığı inzibati ərazi daxilində və ya tibbi ərazi bölməsi (TƏB) ərazisində dövlət və ya özəl tibb müəssisəsində xidmətdən yararlanmasını təmin etməkdir. Əvvəlcə TƏB anlayışına aydınlıq gətirmək istərdik. Qeyd edək ki, ümumilikdə 14 TƏB var. TƏB TƏBİB-in tabeliyinə verilən dövlət tibb müəssisələrinin inzibati ərazi vahidləri üzrə qruplaşdırılmasıdır. Bir TƏB-ə bir neçə şəhər/rayon üzrə dövlət tibb müəssisəsi daxil edilib. 1 TƏB-ə aid nümunəni diqqətinizə çatdırırıq: Şəki-Zaqatala TƏB-inə Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonları daxildir. Əvvəlki qaydaya görə vətəndaşa öz ərazisində və ya TƏB-in daxilindəki dövlət tibb müəssisəsində xidmətin göstərilməsi mümkün olmadıqda digər TƏB-də yerləşən həmin xidməti göstərmək imkanına malik olan dövlət tibb müəssisəsinə göndərilirdi.

Məsələn, Qaxda yaşayan şəxsə həmin ərazidə və ya Şəkidəki xəstəxanada xidmətin göstərilməsi mümkün olmadıqda digər TƏB-də yerləşən məsələn, Mingəçevirdə olan dövlət tibb müəssisəsinə göndərilirdi. Yeni qaydaya görə isə, şəxsə həmin ərazidə və ya TƏB-in daxilindəki dövlət tibb müəssisəsində xidmətin göstərilməsi mümkün olmadıqda həmin TƏB-in ərazisində yerləşən pasiyentin seçiminə əsasən Agentliklə müqaviləsi olan özəl tibb müəssisəsinə xidmətdən yararlanması üçün göndəriş verilir.

Məsələn, Qaxda yaşayan şəxsə həmin ərazidə və ya TƏB-in daxilindəki Şəki rayonundakı dövlət tibb müəssisəsində xidmətin göstərilməsi mümkün olmadıqda həmin TƏB-ə aid olan Agentliklə müqaviləsi olan özəl tibb müəssisəsinə göndəriş verilir. Yəni əvvəlki qaydadan əsas fərqi və üstünlük ondan ibarətdir ki, vətəndaşa xidməti TƏB daxilindəki dövlət xəstəxanasında göstərmək mümkün deyilsə, vətəndaşa seçim hüququ verilir. Belə ki, ya vətəndaş TƏB-dən kənarda yerləşən dövlət tibb müəssisəsini seçir, yaxud da özünün aid olduğu TƏB-in ərazisindəki müqaviləli özəl tibb müəssisəsini seçir".

"Bununla yanaşı, vətəndaş seçdiyi digər TƏB-dəki dövlət tibb müəssisəsində, məsələn, Mingəçevirdə tibbi xidmətdən yararlana bilmirsə bu zaman müalicə həkimi tərəfindən həmin TƏB-in ərazisində yerləşən Agentliklə müqaviləsi olan özəl tibb müəssisəsinə göndərilir. Yəni vətəndaş yenidən öz yaşadığı əraziyə qayıtmadan xidmətdən yararlanır" - məlumatda qeyd edilib.скачать dle 12.1