Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov ötən gün Rusiya, Azərbaycan və Ermənistan siyasi liderlərinin iştirakı ilə baş tutan Soçi görüşü barədə danışarkən deyib.

E.Nəsirov bildirib ki, sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı mexanizmlərin bu ilin sonuna qədər yaradılacağı və problemin həlli üçün konkret praktiki addımların atılacağı təqdirəlayiqdir: "Görüşdə, həmçinin humanitar xarakterli məsələlərə də yer ayrılıb və xüsusilə etimad mühitinin yaradılması ilə bağlı razılaşma əldə olunub. Bu, özündə müxtəlif qurumlar arasında birbaşa təmasların qurulmasını ehtiva edir. Eyni zamanda, xalq diplomatiyasının inkişaf etdirilməsi ilə məsələlər də öz əksini tapıb. Həllini tapmayan ən vacib məsələlərdən biri olan olan dəhlizlərin açılması mövzusunu Prezident İlham Əliyev 2020-ci il 10 noyabr bəyanatının icra olunmayan bəndlərindən danışarkən diqqətə çatdırdı. Bu, iki dövlət arasında nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası ilə bağlıdır. Təəssüf ki, ötən müddətdə Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından bu istiqamətdə ciddi nəticə əldə olunmayıb. Ona görə də bu məsələnin ciddi müzakirə olması və müəyyən razılaşmanın əldə olunması çox önəmlidir. Bir həftədən sonra Moskvada üçtərəfli komissiyanın müvafiq istiqamətlərdə isə başlayacağı bildirildi. Yəni görüş nəticəsində, indiyə qədər müzakirə olunan məsələlərin praktiki müstəviyə keçməsi barədə ilkin razılaşma əldə olundu. Nəzərə almaq lazımdır ki, görüşün nəticəsi kimi imzalanan üçtərəfli bəyanatın heç bir bəndində "Dağlıq Qarabağ" ifadəsi işlədilmir. Yəni, söhbət yalnız Azərbaycan və Ermənistan arasındakı münasibətlərin tənzimlənməsindən gedir"