“Bu gün Azərbaycanla Rusiya arasında münasibətlər ikitərəfli strateji tərəfdaşlıq səviyyəsindədir. Təbii ki, bu bəyannamənin imzalanması ilə münasibətlər ən yüksək səviyyəyə, yəni müttəfiqlik səviyyəsinə qalxmış oldu”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, bu bəyannamə hər iki dövlətin milli maraqlarına tamamilə uyğundur:

“Bildiyimiz kimi, Cənab İlham Əliyevlə Putin arasında sıx təmaslar mövcuddur. Bu ikitərəfli münasibətlər təkcə siyasi sahədə deyil, həm də iqtisadi, ticari, humanitar sahələrdə də geniş inkişaf etməkdədir. Qeyd edim ki, Azərbaycan və Rusiya arasında müttəfiqlik münasibətlərinin yaranması heç də üçüncü tərəfə istiqamətlənməyib və bu, hər kəsə bəlli məsələlərdir. Cənab İlham Əliyev ilk növbədə müstəqil, milli-mənafeyə söykənən siyasət həyata keçirir. Bu günləri dünyada çox azsaylı liderlər var ki, belə müstəqil siyasət həyata keçirmək iqtidarındadırlar. Rusiya ilə münasibətlərin müttəfiqlik səviyyəsinə qalxması ilk növbədə regionda sülhə, əmin-amanlığa və təhlükəsizlik mühitinin formalaşması mənafeyinə xidmət göstərir”.

Millət vəkili qeyd edib ki, burada bütün tərəflər uduşlu vəziyyətdədir və eyni zamanda bu, Ermənistandakı revanşist qüvvələrə də bir mesajdır:

“Bu gün onlar xülyalarla yaşayırlar, xüsusilə də, Rusiya Prezidentinin imzaladığı son sərəncamla, Luqansk və Donbas kimi xalq respublikalarının müstəqilliyini tanıdıqdan sonra. İndi erməni separatçıları və onların tör-töküntüləri biraz ruhlanıblar və şadyanalıq edirlər. Heç bir halda onların şadyanalıqları üçün əsaslar yoxdur. Çünki bu gün Rusiya-Azərbaycan münasibətləri özünün inkişafının növbəti mərhələsinə, ən yüksək mərhələsinə daxil olur. Belə olan vəziyyətdə onların şadyanalığı sabun köpüyündən başqa bir şey deyil və Azərbaycan-Rusiya müstəqiliyi konteksində tezliklə post-müharibə dövrünün həllini gözləyən bütün məsələlərinin həlli istiqamətində də ardıcıl addımların atılacağına inanırıq”.скачать dle 12.1