"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyəyə səfəri və bu səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təxminən 4 saat ərzində müzakirə edilən məsələlər bir daha göstərdi ki, iki qardaş dövlət arasında münasibətlər yüksələn xətt üzrə inkişaf etməkdədir". Bu sözləri açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, münasibətlərimiz Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə çatıb: "Bütün sahələrdə, eyni zamanda hərbi baxımdan müttəfiqik. Hər iki dövlət qarşılıqlı şəkildə bir-birinin suverenliyini dəstəkləyir. Bu dəfəki görüşdə də müttəfiqlik münasibətlərinin inkişafı ilə bağlı ciddi məsələlər müzakirə olunub. Xüsusilə də post-müharibə dövrü reallıqları kontekstində həlli gözlənilən məsələlər ətrafında rəsmi Bakı və Ankaranın mövqeləri bir daha nəzərdən keçirilib. İki ölkənin də mövqeyi ondan ibarətdir ki, Azərbaycan və Ermənistan arasındakı münasibətlər, nəqliyyat və kommunikasiyalar bərpa olunmalıdır. Türkiyə ilə Ermənistan arasında da danışıqlar prosesi getməkdədir. Nəticə etibarilə, bu proseslər regiona uzunmüddətli sülh gətirməlidir".
Deputat sözlərinə belə davam edib: "Eyni zamanda görüşdə qardaş ölkələr arasında Ukrayna-Rusiya müharibəsi ilə bağlı fikir mübadiləsi olub. Bu səfər Türkiyənin Antalya şəhərində keçirilən Diplomatiya Forumu öncəsi baş tutub. Bu Forum çərçivəsində də Rusiya və Ukraynanın xarici işlər nazirlərinin görüşünə Türkiyə tərəfdaşlıq edib. Bu da Türkiyənin diplomatik uğuru kimi qiymətləndirilməlidir. Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı ölkələri belə görüşlər keçirmək iqtidarında deyil. Bu ölkələr belə görüş keçirmək istəsə belə Rusiya buna razılıq verməz. Türkiyə dövlətinin tutduğu siyasət bu mühüm tədbirə ev sahibliyi edə bilməsinə gətirib çıxarıb. Azərbaycan dövlətinin də həm Ukrayna, həm də Rusiya ilə münasibətləri yüksək səviyyədədir. Bu nöqteyi-nəzərdən Azərbaycan və Rusiya prezidentlərinin görüş çərçivəsində hər iki dövlətin bu istiqamətdə səylərinin birləşdirilməsi məsələsi də müzakirə olunub. Hal-hazırda dünya siyasətində əsas məsələ bu müharibə və onun yaratdığı fəsadlardır. Bu müharibənin qarşısının alınması baxımından Azərbaycan və Rusiya prezidentləri öz mövqelərini ortaya qoyub. Bütövlükdə bu görüş Azərbaycan və Türkiyə dostluğunun sarsılmaz olduğunu nümayiş etdirdi".
скачать dle 12.1