"Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi son genişmiqyaslı hərbi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan qəhrəman hərbçilərimizin ailələri hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunacaqlar". 
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib.
Onun sözlərinə görə, Prezident Əliyevin tapşırığına əsasən, həmin şəhid ailələri ilə bağlı bütün sosial dəstək tədbirlərinin görülməsi təmin olunacaq:
"Nazirliyin nümayəndələri şəhid hərbi qulluqçularımızın ailələri ziyarət edib və onlarla bağlı sosial müdafiə tədbirlərinin görülməsi üçün aidiyyəti işlərə artıq başlayıblar. Şəhid ailələrinin müvafiq sosial dəstəklə təmin edilmələri məqsədilə zəruri sənədləşdirmə işlərində də yaxından dəstəyin göstərilməsi ilə bağlı yerli struktur bölmələri müvafiq qaydada təlimatlandırılıb.
Həmin ailələr sığorta ödənişi, aylıq sosial ödənişlərlə (Prezidentin aylıq təqaüdü, pensiya, müavinət) təmin olunacaqlar. Eyni zamanda, qanunvericilik əsasında şəhid hərbi qulluqçularımızın ailələrinin mənzillə, fərdi evlə təminatı və aktiv məşğulluq proqramlarına cəlb olunmaları işləri aparılacaq.
Onlara şəhid ailələri üçün nəzərdə tutulan digər bir sıra imtiyaz və güzəştlərin tətbiqi də təmin ediləcək. 
Şəhidlərimizin ailə üzvləri ilə görüşlər zamanı onlar yaranmış sosial müdafiə və sosial təminat hüquqları, imtiyaz və güzəştləri barədə məlumatlandırılır. 
Şəhid hərbi qulluqçularımızın ailələri qarşıdakı dövrdə də mütəmadi olaraq ziyarət edilməklə onların sosial-məişət şəraiti daim diqqətdə saxlanacaq".
скачать dle 12.1