“2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli bəyanat imzalandıqdan sonra formal olaraq müharibə bitmiş kimi görünsə də əslində hazırda rəsmi İrəvan ölkəmizə qarşı iki istiqamətdə güc nümayiş etdirməyə cəhd edir”.

Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov Böyük Britaniyanın “Express” nəşrində dərc olunan məqalədə yer alan “sakinlərin Azərbaycanın Qarabağ bölgəsinə qayıtmasına ən böyük maneələrdən biri minalar və partlamamış hərbi sursatlardır” fikrinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, sözügedən  istiqamətlərindən birincisi mina, ikincisi isə informasiya müharibəsidir:

“Müharibə bitdikdən sonra Laçın dəhlizi boyunca Ermənistan Qarabağda rus sülhməramlılarının nəzarəti altında olan ərazilərdə minaların daşınması və basdırılması siyasətini davam etdirir. Təkcə işğal dövründə deyil, işğaldan sonrakı mərhələdə də bu proses gedir. Bu günə kimi 300-ə qədər vətəndaşımız mina müharibəsi siyasətinin qurbanına çevrilib. Bu kimi məsələlərdə beynəlxalq təşkilatlar susur, heç bir reaksiya vermirlər. Milyonlarla mina basdırılıb və onların təmizlənməsi çox uzun zaman tələb edir. Bu da Azərbaycan vətəndaşlarının öz tarixi torpaqlarına qayıdışına mənfi təsir göstərir, yəni, prosesi ləngidir”.

Deputat Böyük Britaniyanın “Express” nəşrində yazılanları da diqqətə çəkib:

“Orada qeyd edilir ki, mina məsələsi Azərbaycan vətəndaşlarının Qarabağ bölgəsinə tam qayıtmasına böyük maneələrdən biridir. Çox istəyərdik ki, “Express” nəşrinin qaldırdığı məsələyə beynəlxalq aləmdə də çox ciddi reaksiya verilsin. Prezident İlham Əliyev çıxışlarında bir neçə dəfə sözügedən mövzuya toxunaraq qeyd edib ki, heç bir beynəlxalq təşkilat həmin sahədə Azərbaycana yardım göstərməyib. Bu, ikili standart, ədalətsiz yanaşmadır. Belə haqsız, ədalətsiz reallıqlar, dünyanın susqun mövqeyi fonunda  Ermənistanda arxayınlıq sindiromu formalaşdırdığı üçün torpaqlarımız 30 il işğal altında qaldı.
İndi də İrəvanın mina siyasətinə beynəlxalq təşkilatların seyirçi mövqeyi  ilə üz-üzə qalmışıq. Onlar bu məsələdə Ermənistana qarşı təzyiq metodlarını işə salmalı, arsenalındakı müxtəlif təzyiq-təsir üsullarından istifadə etməlidir ki, İrəvan ən azı minalanmış ərazilərin dəqiq xəritəsini Azərbaycana versin. Təqdim edilən xəritələrin 25 faizinin doğru olduğu qeyd edilir”.

Millət vəkili Ermənistanın təcili şəkildə bu siyasətindən imtina etməli olduğunu vurğulayıb: ” Görün rəsmi İrəvan üçün bu məsələ necə həyati əhəmiyyətli məsələyə çevrilib ki, Azərbaycan ekofəalları Laçın yolunda dayanıb onların niyyətlərinin qarşısını aldıqdan sonra başqa yollardan istifadə etməklə yenə də minaların daşınmasını siyasətini həyata keçirirlər. Azərbaycan Silahlı Qüvvələrinin son əməliyyatları nəticəsində bunun da qarşısı qətiyyətlə alınıb “.

скачать dle 12.1