Ötən il 10 noybrda atəşkəs və müharibənin bitməsi ilə bağlı üçtərəfli sənəd imzalanıb. Müharibə dayanıb, ancaq Ermənistan hələ də Azərbaycana qarşı iki müharibə aparmaqdadır. Onlardan birincisi mina müharibəsi, ikincisi isə informasiya müharibəsidir.
Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Onun sözlərinə görə, Ermənistan hökuməti bir yandan əməkdaşlığa hazır olduğu fonunu yaradır, digər yandan da əməkdaşlığa zidd fəaliyyətini davam etdirir:
“Bu, xüsusilə son zamanlar Ermənistanın intensivləşən hərbi avantürasına bağlı məsələlədir. Düşmən minaladığı ərazilərin xəritəsini Azərbaycana vermək istəmir. Hər ikisi beynəlxalq hüquqa ziddir, fərdi cinayətdir. Doğrudur, təzyiq altında bir neçə minalanmış ərazilərin xəritəsi Azərbaycana verilib, amma sonra məlum olub ki, bunlar qeyri-dəqiqdir. Bu isə Azərbaycan dövlətinin kəskin etirazına səbəb olub. Prezident İlham Əliyev dəfələrlə bu məsələləri beynəlxalq kürsülərdə qaldırıb, Ermənistanı obyektiv olmağa, real əməkdaşlıq mühiti yaratmağa dəvət edib. Lakin bu məsələlər tam həllini tapmayıb”.
Millət vəkili vətəndaşlara işğaldan azad olunmuş ərazilərə icazəsiz getməmələri üçün müraciət edib:
“Heç bir halda icazə olmadan işğaldan azad olunmuş ərazilərə ayaq basmaq olmaz. Həmin ərazilər tamamilə minalanıb, niyə həyatınızı təhlükə altına alasınız?! Niyə erməni minasının qurbanı olasınız?! Buna qətiyyən yol vermək olmaz.
Azərbaycan dövləti bu istiqamətdə intensiv işlər aparır. Ən müasir texnika alınıb, qardaş Türkiyə torpaqların minalardan azad olunması prosesində ölkəmizi dəstəkləyir. Xeyli ərazilər minadan təmizlənib. Tarixi qayıdışın həyata keçirilməsi üçün çox böyük işlər görülür. Həmin işlərin sırasında ilk növbədə torpaqların minadan təmizlənməsi dayanır.
Nə vaxta qədər ki, müasir dövlət qurumları ərazilərimizin minadan tam təmizləndiyini təsdiqləməyiblər, ona görə də həmin ərazilərə səfər etmək qadağandır. Həyatınızı bir erməni minasına, onun düşmənçilik siyasətinə qurban verməyin. 30 il gözlədik, torpaqlarımız işğaldan azad olundu. Bir az da səbr etmək lazımdır, vətəndaşlarımızın ata-baba yurdlarına rahatlıqla qayıdış təmin ediləcək”.
скачать dle 12.1