"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiyaya rəsmi səfəri çərçivəsində fevral ayının 23-də TASS Agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələri rəhbərləri ilə görüş keçirib". Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, bu görüşdə cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya verilən suallar ilk növbədə Azərbaycan-Rusiya münasibətlərinin bugünü və perspektivləri ilə bağlı idi: “Cənab Prezident vurğulayıb ki, Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq münasibətləridir. 30 ildir ki, bu münasibətlərə sadiqik. Fevral ayının 22-də isə müttəfiqlik münasibətlərini özündə ehtiva edən bəyənnamə imzalandı. Bununla da münasibətlərimizin yüksək səviyyədə olmasını sənədləşdirmiş olduq".
Deputat sözlərinə belə davam edib: "Bundan sonrakı Azərbaycan-Rusiya münasibətlərinin inkişafının bütün istiqamətləri həmin sənəddə öz əksini tapıb. Nəticə etibarilə, bu sənəd münasibətlərin sonrakı inkişafı üçün də geniş imkanlar açıb.
Sənəddə olan 43 maddənin hər birində bu inkişafa səbəb ola biləcək addımların atılması nəzərdə tutulub. Eyni zamanda, Prezident İlham Əliyev onu da vurğulayıb ki, bu post-müharibə dövrünün sənədidir. Sənəddə Azərbaycan və Rusiya dövlətləri 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il, 26 noyabr 2021-ci il üçtərəfli razılaşmalarda nəzərdə tutulmuş müddəaların icrası ilə bağlı səylərin artırılması haqqında razılaşma əldə ediblər. Bunun bizim üçün çox böyük əhəmiyyəti var. Çünki, bir çox hallarda 10 noyabr 2020-ci il sənədində müəyyən bəndlər icra olunmur.
Qaldırılan əsas məsələlərdən biri də Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olması perspektivi ilə bağlı idi. KTMT ilk növbədə üzv ölkələr arasında hərbi dəstək məsələlərini özündə ehtiva edir. İmzaladığımız 43 bəndli sənədin 6-cı və 16-cı bəndləri Rusiya-Azərbaycan arasında lazım gələn təqdirdə hərbi dəstək məsələlərini özündə əks etdirib. Bu sənədin ən vacib məqamı 1-ci bənddə öz əksini tapıb. Bugünkü gündə dünyadakı qeyri-müəyyənlik fonunda belə bir sənədin imzalanması Azərbaycanın strateji maraqlarına tamamilə uyğundur".скачать dle 12.1